ADY QSC rəhbərliyi Həmkarlar Konfederasiyasının vəsaitinə əl qoyub?..-
Replika
Dünyada fəaliyyət göstərən istənilən həmkarlar ittifaqlarının və ya təşkilatının fəaliyyətinə nəzər salıb, bu qurumun missiyasının nədənini bilib sonra da "Azərbaycan Dəmir Yolları" QSC-nin Gəncə Lokomotiv Deposunun həmkarlar təşkilatının sədri Asət İsmayılovu dinlədikdə təəccüblənməyə bilmirsən.
Asət İsmayılov
O, Globall.az-a bildirib ki, təşkilata ayrılan vəsait xeyriyyə fonduna köçürülüb. Həm də dəmiryoluna dəxli olmayan “Yaşat” fonduna. Və... heç bir əməkçinin xəbəri və razılığı olmadan.
Sual olunur: “ADY” QSC Həmkarlar Konfederasiyasının sahə təşkilatı dəmiryolçuların alın təri hesabına yaranan və məxsusi dəmiryolçulara kömək məqsədi ilə ayrılan vəsaitə hansı qanuna əsaslanaraq əl qoyur, üstəlik də əmək adamlarından heç birinin fikrini öyrənmədən? Bu, özbaşınalıq deyimi?
Digər tərəfdən, məntiqlə fikirləşsək, bu, sözügedən qurumun formal xarakter daşıdığından xəbər verir. Zatən bu qurumun formal olaraq yaradıldığını bilənlər bilir. İndiki hal da sadəcə faktın konstatasiyasıdır.
Düzdü, biz 44 günlük Vətən müharibəsindən qələbə ilə çıxmışıq, çox sayda, çox sadədə ehtiyacı olanlarımız var. Heç xalq da öz dəstəyini əsirgəmir.
Zamanında Gəncə lokomotiv deposunun da Qarabağ savaşında döyüşənləri, hətta şəhidləri olub. Amma... Asət İsmayılov deyir ki, biz bu gün fəhləyə köməklik göstərə bilmirik, çünkü... rəhbərlik həmkarlara ayrılan vəsaiti Qarabağ Dirçəliş fonduna keçirir. İşçilərə isə “Yaşat” fonduna yardım olunduğu deyilir.
Bu gün həmkarlar təşkilatından narazı dəmiryolçuları dinlədikdə ortaya şübhə doğuran bir sual çıxır: “ADY” rəhbərliyi doğrudanmı vətənpərvərlik, xeyirxahlıq, canıyananlıq edib dəstək verir, yoxsa?.. Nə isə. Yalnız onu deyə bilərik ki, araşdırılmalıdır: “ADY” rəhbərliyi əlini Həmkarlar Konfederasiyasının büdcəsinə hansı amala görə uzada bilib?
...Gəncə Lokomotiv Deposunun həmkarlar təşkilatının sədri Asət İsmayılov ya zəlzələdən, ya da vəlvələdən - bilərəkdən və ya bilməyərəkdən törətdiyi qanunsuz əməllər fonunda rəhbərliyin adını çəkir. Ya düz danışır, ya da düz danışır. Hər iki halda bir qənaət yaranır: Adı bir çox gəlirli pojelərdə hallanan “ADY” QSC-nin sədri Cavid Qurbanovun şəxsi vəsaitinə nə gəlib ki, əlini Konfederasiyanın vəsaitinə uzatsın?
Yeri gəlmişkən qeyd edək ki, Asət İsmayılov lokomotiv deposunun həmkarlar təşkilatına 2017-ci ildə sədr seçılib. Depo işçilərinin dili ilə desək, onu həmkarlara sədr seçən, yəni seçkidən məlumatlı olan iki nəfər olub - depoda kadrlar şöbəsinin rəisi vəzifəsini tutan həyat yoldaşı Vüsalə İsmayılova və o zaman depo rəisi vəzifəsini tutan İslam Əsgərov. Səsvermə yolu ilə olmalı olan bu seçkidən xəbərsiz olan işçilərə Həmkarlar təşkilatının sədri birbaşa təqdim olunub.
Mehriban Əzizqızı
Globall.az