Rusiya Zəngəzurda hərbi baza yaradır -
"Təhlükəsizlik üçün vacib komponentdir"
Azərbaycanın geri qaytardığı torpaqlarda rus sülhməramlılarının davranışıyla bağlı zaman-zaman narahatlıq doğuran məqamlar ortaya çıxır. Bəzən hadisələrin bizim gözlədiyimiz istiqaməti almadığı təəssüratı yaranır. Sülhməramlılar heç də həmişə Azərbaycanla hesablaşmağa lüzum görmür. Ermənistanla sərhədə 102-ci bazanın köçürülməsi də ürəyimizcə olmamışdı.
Bizimyol.info xəbər verir ki, Rusiya Zəngəzurda hərbi baza yaradır. Daha doğrusu, Azərbaycanın qədim torpaqlarında 102-ci bazanın dayaq məntəqəsinin qurulması Moskva ilə İrəvan arasında ciddi müzakirə olunur. Planın tezliklə həyata keçiriləciyi ehtimal edilir.
Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında bazanın fəaliyyət dairəsinin genişlənməsinin vacibliyindən danışıb. O, Rusiya ilə Zəngəzurda dayaq məntəqəsinin yaradılmasını müzakirə etdiklərini bildirib. Paşinyan deyib ki, şimal dövlətiylə hərbi ittifaq Ermənistanın təhlükəsizliyinin təminatı üçün vacib komponentdir. Hökumət rəhbəri rus sülhməramlılarının imkanlarının genişlənməsini yaxşı hal adlandırıb.
Paşinyan Rusiya ilə hərbi və strateji xarakterli 10-dan çox razılaşmanın əhəmiyyətindən söz açıb. Baş nazir sərhəd qoşunlarının rus sülhməramlılarıyla əməkdaşlığını xüsusi qabardıb. Paşinyan bundan sonra peşəkar ordunun yaradılması istiqamətində atılacaq addımlardan danışıb.
Hökumət rəhbərinin çıxışından hiss olunur ki, o, Zəngəzurda sərhədlərin yenidən müəyyənləşdirilməsindən narahatdır. Paşinyanın yeganə güman yeri Rusiyadır. Çünki sərhəd məsələsində Türkiyə Azərbaycanın yanındadır. Ankara bu məsələyə həm də iqtisadi əlaqələrin nəzərəçarpan dərəcədə inkişaf etdirilməsi kimi baxır. Digər tərəfdən, Mehri dəhlizinin bərpası bölgəni canlandırmağa xidmət edir. Ermənistan isə əbədi planının baş tutmamasından sarsılıb. Daha Böyük Ermənistan haqda danışmaq olmur. Qarabağ müharibəsi uduzulub. Üstəlik, Zəngəzurda Azərbaycanın qədim torpaqlarının müəyyən hissəsi geri qaytarılır.
Paşinyan parlamentdəki çıxışında Azərbaycanın ünvanına ittihamlar da səsləndirib. O, rəsmi Bakının ölkəsini blokadada saxlamaq istədiyini bildirib. Paşinyan daha çox Zəngəzurda baş verənlərə eyham vurub. O, İran və Rusiya ilə quru əlaqəsinin olmasının vacibliyindən danışıb.