ABŞ Yaponiyanı bütün vasitələrlə müdafiə edəcək - o cümlədən nüvə silahı ilə

ABŞ hökuməti iki ölkə arasında 1960-cı ildə imzalanmış Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizliyin Təmin Edilməsi barədə Müqaviləyə uyğun olaraq, nüvə silahı da daxil olmaqla bütün vasitələrdən istifadə olunmaqla Yaponiyanı müdafiə etməyə hazır olduğunu bəyan edib.
Xarici KİV-in yazdığına görə, Ağ Evin ABŞ Prezidenti Co Bayden və Yaponiyanın Baş naziri Yoşihide Suqa arasında aprelin 16-da Vaşinqtonda keçirilən görüşdən sonra yaydığı bəyanatda belə deyilir.
Sənəddə bildirilir: “ABŞ nüvə silahı da daxil olmaqla bütün imkanlardan istifadə edərək, Qarşılıqlı Əməkdaşlığın və Təhlükəsizliyin Təmin Edilməsi barədə Müqavilə çərçivəsində Yaponiyanın təhlükəsizliyinin müdafiəsinə sadiqliyini təsdiq edir”.
Qeyd olunur ki, hər iki ölkənin liderləri ikitərəfli müqavilənin beşinci bəndinə uyğun olaraq, bu sənədin Yaponiyanın nəzarəti altında olan, lakin Çinin də iddia etdiyi Senkaku (Dyaoyuydao) adalarına aid olduğunu da vurğulayıblar: “Biz birlikdə Yaponiyanın Senkaku adaları üzərində idarəçiliyinə qarşı olan istənilən birtərəfli hərəkətə qarşı çıxış edirik”.
AzərTAc xatırladır ki, iki ölkə arasında 1960-cı ildə imzalanmış Qarşılıqlı Əməkdaşlıq və Təhlükəsizliyin Təmin Edilməsi barədə Müqavilənin beşinci bəndinə görə, tərəflərin hər biri onun müttəfiqinə qarşı istənilən hərbi müdaxiləni özünün milli təhlükəsizliyinə təhdid hesab edir və bununla əlaqədar olaraq öz Konstitusiyası çərçivəsində müvafiq addımlar atmaq hüququna malikdir.
Oxunub: 212
Xəbəri paylaş
Paylaş: