Mənimlə görüşə gələn seçiciləri idarəyə çagırıb hədə-qorxu gəlirlər" -
Qazaxlı xanım namizəd Prezidentə növbəti dəfə müraciət etdi
107 saylı Qazax seçki dairəsindən namizəd, jurnlaist Sevinc Kərimova Prezident İlham Əliyevə və MSK sədri Məzahir Pənahova şikayət məktubu ünvanlayıb.
Bu barədə Globall.az-a açıqlama verən Sevinc Kərimova bildirib ki, Qazax rayon İcra Hakimiyyəti, kənd icra nümayəndələri, o cümlədən yerli bələdiyyə rəhbərliyi seçkilərə açıq müdaxilə edir, həm ona, həm də seçicilərə təzyiqlərini davam etdirirlər:
"27 yanvar tarixində Aslanbəyli kəndində təbliğat -təşviqat çərçivəsində orada görüşdüyüm adamlar idarəyə çagrılıb, onlara hədə-qorxu gəlinib. Mən özüm belə Aslanbəyli kənd bələdiyyəsi tərəfindən təzyiqlərə məruz qaldım, kənd sakinləri ilə görüşlərimə müdaxilə edib, camaata açıq şəkildə "Biz öz namizədimiz Səməd Seyidovu seçmişik" kimi yalan fikirlər aşılayırlar. Hətta mənə "şəkillərinizi də yığışdırın, çıxın gedin" dəyərək, kənd sakinləri arasında gözdən salmağa çalışdılar.
Əlbəttə, kənd sakinlərindən bəziləri öz kəskin təpkilərini bələdiyyə sədrinə və onun əlaltılarına göstərdi.
Lakin buna rəğmən, özlərini kənddə icra hakimiyyətinin qoçuları kimi aparan, seçicilərə, onların fikirlərinə hörmət qoymayanlar cəzalandırılmalıdır".
Kərimova deyir ki, Kəmərli kəndində də bir maşın və kənd icra nümayəndəsi bir qrup şəxslə təbliğatına mane olublar: "Bu azmış kimi, biz kənddən çıxandan sonra kənd sakinlərini hədələyərək, onlardan S.Seyidova səs verməyi tələb ediblər.
Möhtərən Prezident, hələ seçkilər bitməmiş Səməd Seyidovu Qazaxda artıq seçilmiş kimi təqdim edənlər, düşünürəm ki, Sizin düşmənlərinizdir. Xahiş edirəm, onlara qarşı ölçü götürülməsi üçün göstəriş verəsiniz. Mən bu xahişlə MSK sədrinə də müraciət etmişəm".
Globall.az