Alimpaşanın oğluna 40 manata satdığı bazara giriş 1- 2 manardır - REPLİKA /FOTO

Bu günlərdə Şəmkirin icra başçısı (indi sabiq) Alimpaşa Məmmədov həbs olunsa, necə deyərlər, qapısı bağlansa da bazarının qapısı hələ ki açıqdır və ona məxsus “Şəmkir Səbət Ticarət Mərkəzi” adlanan bazarda çax-çux davam edir. Məsələ burasındadır ki, onun elə bu günlərdə bazara qoyduğu nırx hələ də qüvvəsindədir. Globall.az xəbər verir ki, bazara gələn kəndlilər Alimpaşanın qoyduğu şlaqbaumu keçmək üçün ən azı 1 manatından, maşınlar isə 2 manatından keçməlidirlər. Bəs necə, kəndlilər feodalın torpaqbasdı haqqını ödəməli, əmrinə tabe olmalıdırlar. Qulbeçələr tərəfindən yığılan rüsum hara, kimə gedir, bəllidir.
Yəqin bundan sonra keçmişi tamada, indisi isə "zek" olan sabiq icra başçısı “peredaça” və ya “qrev” sarıdan əziyyət çəkməz. Neyçün ki, bu "Səbət"ə hər gün yüzlərlə adam, yüzlərlə də maşın girir. Təbii ki, maxinasiya ilə milyonlarla manat dəyərində olan obyekti oğlunun adına 40 manata məngirləyib əldə saxlaya bilsələr...
Maraqlısı bilirsinizmi nədir? Şəmkirin ən iri ticarət mərkəzi olan bu bazara girənlər orada al-ver, yəni bazarlıq edib-etməyəcəyini dəqiq bilməsə də manatı öncədən ödəmək məcburiyyətindədir. Necə ki, ödəyirlər. Bəs necə, Alimpaşa "paşa"nın nırxı belədir...
Mehriban Əzizqızı
Globall.az



Oxunub: 675
Xəbəri paylaş
Paylaş: