Qarşıdurmada ölən Qırğızıstan vətəndaşlarının sayı 31-ə çatdı
Tacikistanla sərhəddə silahlı toqquşmalar zamanı ölən Qırğızıstan vətəndaşlarının sayı 31 nəfərə çatıb.
“TASS” agentliyi xəbər verir ki, bu barədə Qırğızıstan Səhiyyə Nazirliyi məlumat yayıb.
“Son məlumatlara görə, 31 nəfər ölüb, 154 nəfər yaralanıb”,– deyə nazirliyin sözçüsü bildirib.
Səhiyyə Nazirliyi ağır yaralıların çox olması ilə əlaqədar ölümlərin sayının arta biləcəyini istisna etməyib.
Qeyd edək ki, qarşıdurma 28 apreldə Qolovnaya supaylama məntəqəsinin İsfara çayının yuxarı hissəsində yerləşən hissəsi üzərində başlayıb.
Tərəflərdən birinin sözügedən ərazidə video nəzarət qurmaq cəhdi Tacikistan və Qırğızıstan vətəndaşları arasında insidentə səbəb olub. Daha sonra isə qarşıdurma iki ölkənin hərbçiləri arasında silahlı atışmaya qədər böyüyüb.