TOYLARLA BAĞLI YENİ QAYDALAR HAZIRLANIR -
TƏBİB rəsmisi
Azərbaycanda toy və digər mərasimlərin pandemiya şəraitində təşkil edilməsi ilə bağlı qaydalar hazırlanır.
Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva AzTV-də deyib.
Onun sözlərinə görə, bu yaxınlarda qərarlar elan olunacaq: “Açıq havada və insanların fiziki məsafəni saxladığı şərtdə maskaların ləğv olunması elan oluna bilər. Amma gözləmək və rəsmi açıqlamaları gözləmək lazımdır. Mən həkim olaraq düşüncələrimi bölüşürəm. Ümumiyyətlə vətəndaşları narahat edən bir çox məsələlər var. İstər şadlıqlarımız olsun, insanların kütləvi toplaşmasına səbəb olan mərasimlərimiz hamısı müzakirə olunur. Bəlli qaydalar hazırlanır. Bir ildir deyirik ki, normal həyatın anlayışı dəyişəcək. Təəssüf ki...”.
"Rəqəmlər bu şəkildə davam edərsə, təhlillər nəticəsində Operativ Qərargah yay aylarının gəlməsi, açıq havada bəlli tədbirlərin keçirilmə imkanı verdiyinə görə, bəlli rəqəmlər çərçivəsində toy mərasimləri və digər tədbirlərin keçirilməsinə icazə verəcək".
Bunu isə İctimai tv-yə Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.
O əlavə edib ki, bu günə qədər mənfi qəbul etdiyimiz və bəzən şikayət etdiyimiz toy mərasimlərinin keçirildiyi zalların həddindən çox böyük olmasının faydasını istifadə edə bilərik: "Həmin yerlərdə dörddə bir həcmində insanın iştirakı ilə epidemioloji baxımdan heç bir təhlükə yaratmayan vəziyyətin yaranmasına kömək edə bilər".