NEQSOL Holding-ə daxil şirkət 500 milyon ABŞ dolları məbləğində istiqrazlar yerləşdirib
NEQSOL Holding-ə daxil olan Ukraynada ikinci böyük mobil rabitə operatoru “Vodafone Ukrayna” beynəlxalq kapital bazarlarında 6,2% dərəcəsi ilə 500 milyon ABŞ dolları məbləğində 5 illik müddətə avroistiqrazlarının yerləşdirməsini uğurla həyata keçirib.
Yerləşdirmə 500 milyon ABŞ dolları məbləğində nəzərdə tutulsa da, beynəlxalq kapital bazarı iştirakçıları tərəfindən yüksək etimadın göstəricisi olaraq 3 milyard ABŞ dollarına yaxın məbləğdə istiqrazlara tələb olub. “Vodafone Ukrayna” şirkətinin korporativ reytinqlərinə uyğun olaraq istiqrazlara “S&P” tərəfindən “B” və “Fitch” tərəfindən “B” reytinqlərinin veriləcəyi gözlənilir.
İstiqrazların 6.2% illik dərəcəsi Ukraynadan olan korporativ emitentlər arasında ABŞ dollarında ən aşağı faiz dərəcəsini əks etdirir. Emissiya məbləği Ukraynadan olan korporativ emitentlər arasında ən iri debüt yerləşdirmə məbləğinə bərabərdir.