Əli Əsədov Mqer Qriqoryana sərt cavab verdi: "Erməni əsgərlərinin Kəlbəcərdə nə işləri vardı?"

Mayın 28-də Minskdə MDB Hökumət Başçılarının növbəti iclası keçirilib. İclasda Azərbaycanın Baş naziri Əli Əsədov da iştirak edib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən verilən məlumata görə, Ə.Əsədov iclasda çıxış edərkən Şura üzvlərinin diqqətini Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi ilə əlaqədar Cənubi Qafqazda yaranmış yeni geoiqtisadi reallığa cəlb edib.
Vurğulayıb ki, nəqliyyat yollarının açılması və kommunikasiya arteriyaları şəbəkəsinin yaradılması Cənubi Qafqazın nəqliyyat və iqtisadi potensialını əhəmiyyətli dərəcədə artıracaq, həm regionda, həm də bütün Birlik məkanında inkişaf üçün böyük perspektivlər yaradacaq.
Azərbaycanın Baş nazirindən sonra Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Mqer Qriqoryan çıxış edib. O, Azərbaycan Respublikasına əsassız hücumlar edib, ölkəmizi guya Ermənistanın ərazi bütövlüyünü və suverenliyini pozmaqda, hərbi əsirləri saxlamaqda və mayın 27-də altı nəfər erməni hərbi qulluqçusunu əsir götürməkdə ittiham edib.
Baş nazir Əli Əsədov MDB Hökumət Başçıları Şurasının sədrinə müraciət edərək erməni tərəfin yalan və böhtanla dolu ittihamlarına cavab verib. Ə.Əsədov hələ 2020-ci il noyabrın 6-da MDB Hökumət Başçıları Şurasının videokonfrans formatında keçirilmiş iclasındakı çıxışında Azərbaycanın heç vaxt başqasının bircə qarış belə torpağına iddia etmədiyini vurğuladığını xatırladıb: “Bu gün həmin tezisi bir daha təsdiq edə bilərəm. Biz Ermənistan Respublikasının bircə qarış belə torpağına iddia etmirik, lakin özümüzün də bircə qarış belə torpağımızı heç kəsə verməyəcəyik. Bu, bizim prinsipial mövqeyimizdir”.
Ə.Əsədov qeyd edib ki, Azərbaycan 2020-ci il noyabrın 20-də, yəni Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9/10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatına əsasən hərbi əməliyyatlar dayandırılandan sonra əllərində silah olduğu halda Azərbaycan ərazisinə keçmiş və dörd nəfəri, o cümlədən üç dinc sakini qətlə yetirmiş erməni hərbçilərini hərbi əsir hesab etmir.

Baş nazir mayın 27-də baş vermiş insidentə toxunaraq bildirib ki, Ermənistandan olan bir qrup silahlı şəxs Kəlbəcər rayonunun Yuxarı Ayrım yaşayış məntəqəsi istiqamətində dövlət sərhədini keçməyə cəhd göstərib, nəticədə altı nəfər erməni hərbçisi tərksilah edilib və əsir götürülüb.
Ə.Əsədov MDB Hökumət Başçıları Şurasının üzvlərinə müraciətlə deyib: “Hörmətli həmkarlar, mənim Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsə və Sizə sualım var: Ermənistan hərbçilərinin mayın 27-də gecə saat 3-də Azərbaycan Respublikası Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndində nə işləri vardı? Onlar bizim ərazini niyə minalayırdılar?”.
Azərbaycanın Baş naziri xüsusi vurğulayıb ki, Azərbaycan tərəfi insident baş verən ərazi barədə bütün məlumatlara, o cümlədən həmin yerin coğrafi koordinatlarına (en və uzunluq dairələri, saniyə dəqiqliyi ilə) malikdir. Ə.Əsədov iclas iştirakçılarının diqqətini Ermənistanın baş naziri səlahiyyətlərini icra edən şəxsin və bu ölkənin baş qərargah rəisinin müavininin insident barədə bəyanatlarındakı ciddi uyğunsuzluqlara cəlb edib.
Qeyd edib ki, Ermənistan bu məsələni hər vasitə ilə beynəlmiləlləşdirməyə çalışır və həmişəki kimi, başqa ölkələri bu məsələyə cəlb etmək istəyir.
Xatırladıb ki, Azərbaycan müstəqillik əldə edəndən sonra həmhüdud dövlətlərlə, o cümlədən Rusiya, İran və Gürcüstanla sərhədlərinin beynəlxalq hüquq normalarına uyğun şəkildə delimitasiya və demarkasiyasını həyata keçirib: “Ermənistan ilə sərhədin delimitasiya və demarkasiyasını həyata keçirmək isə mümkün deyildi, çünki Azərbaycan Respublikasının ərazisinin bir hissəsi erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi”.
Ə.Əsədov bildirib ki, indi, hərbi əməliyyatlar başa çatandan sonra Azərbaycan öz sərhəd infrastrukturunu müəyyən etməyə başlayıb və Ermənistan ilə sərhəd xətləri məsələsini konstruktiv şəkildə həll etməyə tam hazırdır.
Baş nazir deyib ki, bununla əlaqədar Azərbaycan Rusiya tərəfinin Azərbaycan ilə Ermənistan arasında sərhədin delimitasiya və demarkasiyası üzrə müvafiq üçtərəfli komissiya yaradılması təklifini dəstəkləyib. Qeyd edib ki, sərhəd xətlərinin müəyyən edilməsi texniki prosesdir və bu prosesin ciddi beynəlxalq hüquqi əsası olmalıdır.
Baş nazir onu da bildirib ki, Azərbaycan regionda davamlı sülhün və təhlükəsizliyin təmin edilməsinə, o cümlədən münaqişədən sonrakı vəziyyətin normallaşdırılması prosesinə və bütün fikir ayrılıqlarının 2020-ci il 9/10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların müddəalarının vicdanla yerinə yetirilməsi kontekstində diplomatik vasitələrlə həll edilməsinə tərəfdardır.
Globall.az
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: