Avropa İttifaqı Bakını tələsdirir
Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell iyun ayında keçiriləcək Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq barədə Azərbaycan XİN başçısına məlumat verib və Şərq Tərəfdaşlığı siyasətinə yeni təkan verməyin vacibliyini vurğulayıb. Tərəflər qarşıdan gələn Şərq Tərəfdaşlığı ölkələrinin nazirlərinin görüşünü və iyun sammitini səbirsizliklə gözlədiklərini bildiriblər.
Cozep Borrellin Azərbaycanla ikitərəfli sazişlə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirməsi Avropa İttifaqının məsələ ilə bağlı Azərbaycanı tələsdirməsi sayıla bilərmi?
Avropa İttifaqı üzrə ekspert Yeganə Hacıyeva bildirir ki, Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell arasında telefon danışığı fevralın 25-də olub və hər iki rəsmilər ikitərəfli və regional məsələləri müzakirə ediblər. Əsas müzakirə olunan məsələlər Aİ- Azərbaycan ikitərəfli gündəliyi və tərəflər arasındakı münasibətlərin hüquqi bazası kimi nəzərdə tutulan yeni ikitərəfli sazişlə bağlı danışıqların tərəflərin təklif və mövqelərinin əsasında davam etdirilməsi haqqında razılığa gəlinib. Həmçinin danışıqlarda Aİ-nin Ali Nümayəndəsi Cozep Borrell qurumun Avropa Birliyi Şərq Tərəfdaşlığının bütün üzv dövlətlərinin suverenliyi, beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində ərazi bütövlüyünün toxunulmazlığı və siyasi müstəqilliyinə dəstəkləməsi ilə bağlı öhdəliyini növbəti dəfə təsdiqləyib: “Cozep Borrellin Azərbaycanla ikitərəfli sazişlə bağlı danışıqların davam etdirilməsinin vacibliyini bildirməsi Avropa İttifaqının məsələ ilə bağlı Azərbaycanı tələsdirməsi sayıla bilərmi sualına gəlsək, bu haqda onu deyə bilərəm ki, istər Azərbaycan istərsə də Aİ ikitərəfli münasibətlərin hüquqi əsasını təşkil edəcək yeni Saziş üzrə danışıqların irəliləməsində maraqlıdır. Aİ bu məsələnin mümkün qədər həllini tapmasına çalışır.
Məsələ ondadır ki, danışıqların cari vəziyyəti hər iki tərəfdə seçkilərə hazırlıq və keçirilməsi məqamı üzərindən öz tempini endirib. Lakin heç bir halda danışıqlarda ətalət və ya narahatedici məqamlar mövcud deyil”.
Ekspertin sözlərinə görə, məsələ ondadır ki, Aİ-nin müxtəlif siyasi qurumları, onların Azərbaycan daxilindəki sivil cəmiyyət və ya siyasi qruplarındakı tərəfdaşlarının göstərməyə çalışdığı “Aİ ilə Azərbaycan arasında yeni strateji sazişin imzalanması prosesi ətrafında fikir ayrılığı var ” kimi psevdo-reallıq sadəcə mövcud deyil: “Aİ-Azərbaycan arasında Əməkdaşlıq Şurasının növbəti iclasının qrafiki mövcuddur və hər şey də qrafik üzrə davam edir.
Proses zamanı yaranan yeni sualların olması isə normaldır, çünki Aİ ilə Azərbaycanla nəzərdə tutulan saziş miqyasına görə bir ölkə, bir region üçün deyil, regionlar arası enerji, tranzit və digər layihələr üçün nəzərdə tutulan nəhəng strateji sazişdir”.