İran parlamentinin yeni seçilən deputatı qripdən öldü
İranın Gilan vilayətində 21 fevralda 11-ci parlament seçkilərində deputat seçilən Məhəmməd Əli Ramazani Dəstək dünyasını dəyişib.
Yerli media bildirir ki, 1980-1988-ci illər İran-İraq müharibəsinin iştirakçısı olmuş mərhumun ölümünə səbəb kimi qrip göstərilib. Yeri gəlmişkən, İranda yayılan yeni koronavirus nəticəsində indiyədək 34 nəfər dünyasını dəyişib, 388 nəfər bu virusa yoluxub.
Xatırladaq ki, İran parlamenti koronavirus epidemiyası ilə əlaqədar fəaliyyətini qeyri-müəyyən müddətə dayandırıb. Parlament deputatlarının hamısı koronavirusa görə müayinə olunub. 290 parlament üzvünün 30-nun müayinəsinin nəticəsi açıqlanıb. Onların dördündə koronavirus aşkarlanıb, qalan üzvlərin də ardıcıl olaraq müayinəsinin nəticəsi açıqlanacaq.
Onu da qeyd edək ki, İranda sayca 11-ci parlament seçkiləri 21 fevralda keçirilib. Parlament seçkilərində mühafizəkarlar qalib gəliblər. Seçkilərdə seçici fəallığı 42,5% olub.