Türkiyə “Hizbullah”a divan tutdu: daha 8 nəfər öldürüldü -
Ölənlər arasında İran vətəndaşı da var
“The Associated Press” agentliyinin xəbərində deyilir ki, “Hizbullah” təşkilatının ən azı 8 döyüşçüsü Türkiyə ordusu tərəfindən öldürülüb. Agentlik bildirir ki, Seyid Həsən Nəsrullahın rəhbərlik etdiyi “Hizbullah” təşkilatı şənbə günü yaydığı bəyanatda bu barədə məlumat verib.
Bu həftənin əvvəlində isə 33 Türk hərbiçisi şəhid olmuşdu. “Hizbullah” Suriyaya 2011-ci ildə qeyri-rəsmi şəkildə qoşun yeridib və prezident Bəşər Əsədi üsyançılardan qoruyub. Son zamanlarda isə “Hizbullah” döyüşçülərinin böyük bir hissəsini Suriyadan çıxarıb. Hazırda bu təşkilatın minə yaxın döyüşçüsü Suriyada savaş aparır.
Cümə günü günorta isə “Hizbullah” 14 döyüşçüsünü Taligiyeh kəndi yaxınlığında itirmişdi. Müşahidəçilər deyir ki, Suriya ordusu da həmin döyüşdə 48 nəfər itki vermişdi. O vaxt Türkiyə qırıcıları və dronları həmin ərazini bombalamışdı.
Müşahidəçilər bildirir ki, öldürülmüş 14 “Hizbullah” döyüşçüsünün 10 nəfəri Livan vətəndaşıdır. Qalanları isə müxtəlif ölkələrdən gəlibmiş. Ölənlərin arasında bir nəfər İran vətəndaşı da var. “Hizbullah”ın bəyanatında deyilir ki, “onlar cihad borcunu yerinə yetirərkən şəhid oldular”.
Agentlik bildirir ki, indiyə qədər “Hizbullah” Suriyada bu qədər itki verməmişdi.