“Məntiqsiz, gülünc, mazoxist...”-
Rusiya nəşri Paşinyanı seçdikləri üçün erməniləri təhqir edib
“Ermənistanda Nikol Paşinyanın partiyasının qələbəsi ilə başa çatan seçkilərin nəticələri Moskvada çoxları üçün sürpriz oldu.”
Bu barədə “Kommersant” nəşrinin Ermənistandakı seçkilərin Rusiya-Ermənistan münasibətlərinə təsirinə dair məqaləsində qeyd olunub.
Rusiya dərgisi yazır ki, Ermənistanın 44 günlük müharibədki biabırçı məğlubiyyətinə rəğmən, ermənilər yenə Paşinyanı seçiblər: “Görünən odur ki, bir çox soydaşlarımızın (rusiyalıların-red.) Ermənistandakı vəziyyətlə bağlı təsəvvürləri ciddi şəkildə təhrif olunub və Paşinyan pis siyasətçi, ermənilərin tarixindəki ən alçaldıcı və şok məğlubiyyətlərdən birinin günahkarı və simvolu olaraq göstərilib. Müharibə ərəfəsində məsuliyyətsiz və ehtiyatsız siyasət yürüdən Paşinyan Bakını müharibəyə təhrik edərkən və yeganə müttəfiqi Moskvaya meydan oxuyarkən buna görə məntiqli bir cavab verməli idi.
Ermənistandakı parlament seçkilərinin əsas nəticəsi Nikol Paşinyanın hakimiyyəti əlində saxlamasıdır. Erməni müxalifətinin əsas problemlərindən biri də Paşinyanla mübarizədə yeni simalar tapa bilməməsi oldu. Paşinyan isə ən pisləri arasında daha xoşagələni idi.”
Daha sonra “Kommersant” ermənilərin seçimini ələ salıb və hətta onları təhqir edib: “Ermənilər Paşinyanı həm məğlubiyyətə, həm də alçalmaya görə bağışlamağa hazırdırlar. Bu, kənardan nə qədər məntiqsiz, gülünc, mazoxist mövqe kimi görünsə də, xalqın seçimidir. Ölkənin qonşuları, tərəfdaşları, həm də düşmənləri bu seçim barədə düşünməli olacaqlar.
Erməni xalqına bir şey tövsiyə oluna bilər - illüziyalardan ən qısa müddətdə xilas olmaq. Güzəştlər bitməyəcək. Bəlkə də yeni başlayır. Müharibədə uduzan bütün millətlərin və xalqların taleyi budur. İstisna və ya möcüzə yoxdur.”
Sonda Paşinyanın 10 noyabr sazişilə bağlı verdiyi bütün vədlərə əməl etməli olduğu bildirilir: “Gec-tez Paşinyan hərbi əməliyyatların dayandırılmasına dair müqavilələr bağlayarkən qəbul etdiyi güzəştlərə əməl etməli olacaq. Xoşagəlməz, alçaldıcı görünsə də, bu müddəalara riayət edilməlidir.”