Putin Qarabağı Ərdoğanla müzakirə edib -
qarşılıqlı hazırlıq ifadə olunub
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Məlumatı Kremlin mətbuat xidməti yayıb.
Telefon danışığı zamanı tərəflər Qarabağdakı vəziyyəti də müzakirə ediblər. Atəşkəsə nəzarət üzrə Rusiya-Türkiyə Birgə Mərkəzinin fəaliyyətinə müsbət qiymət verilib.
Türkiyə Prezidenti Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında təsbit olunmuş razılaşmaların tam şəkildə həyata keçirilməsini təmin etmək üçün Rusiyanın səylərini dəstəklədiyini bildirib. İqtisadi inkişaf və regionun nəqliyyat infrastrukturunun bərpası daxil olmaqla, koordinasiyanı davam etdirməyə qarşılıqlı hazırlıq ifadə olunub.
Vladimir Putin Türkiyə lideri ilə Cenevrədə ABŞ Prezidenti Co Baydenlə aparılan danışıqlarla bağlı təəssüratlarını da bölüşüb.
Xatırladaq ki, bundan əvvəl Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla Qarabağa dair məsləhətləşmələr aparması barədə məlumat yayılmışdı.