Havada “ovlanan” bloqer həbsdən buraxıldı - ev dustağı edildi
Belarus hakimiyyəti bu il mayın 23-də “Ryanair” hava yolları şirkətinin ölkə üzərindən uçan sərnişin təyyarəsini qırıcılar qaldırmaqla məcburi olaraq Minskə endirərək həbs etdiyi müxalif bloqer, NEXTA telegram-kanalının keçmiş baş redaktoru Roman Protaseviçi ev dustaqlığına göndərib.
Bu qərar Avropa İttifaqının Belarusa qarşı prezident Lukaşenkonun özünü və ailə üzvlərini də əhatə edən olduqca sərt iqtisadi sanksiyalarının ardınca qəbul edilib.
Roman Protaseviçin həbsi üçün sərnişin təyyarəsinin məcburi endirilməsi Belarus ətrafında böyük beynəlxalq qalmaqala səbəb olmuşdu və Qərb ölkələri Belarusla hava əlaqələrini kəsmişdi. Bunun ardınca ABŞ Belarusa qarşı iqtisadi sanksiyalar tətbiq edib, bir gün əvvəl isə Avropa İttifaqı Belarusun neft, gübrə sənayesi də daxil olmaqla iqtisadiyyatın bütün aparıcı sahələrinə qarşı sanksiyalar barədə qərar verib.

Roman Protaseviçin ev dustaqlığına göndərilməsi haqda onun atası Dmitri Protaseviç BBC rus xidmətinə bildirib. Onun sözlərinə görə, bu haqda onlara nə Belarus hakimiyyəti, nə vəkil heç nə deməyib. “Mən hakimiyyətin hərəkətini şərh etməkdə çətinlik çəkirəm, ola bilsin siyasi oyun gedir”,-o bildirib.
Protaseviçə qarşı irəli sürülən ittihamlara (Belarusda iğtişaşlar təşkil etmə) əsasən onu ölüm cəzası gözləyir. Hələlik ona qarşı irəli sürülmüş ittihamların yumşaldılması barədə məlumat yoxdur. Bundan əvvəl KİV-lər Protaseviçin rəfiqəsi, onunla birlikdə həbs olunmuş Rusiya vətəndaşı Sofiya Sapeqanın da ev dustaqlığına göndərildiyini xəbər veriblər./virtualaz.org
Oxunub: 260
Xəbəri paylaş
Paylaş: