Ukrayna və ABŞ Qara dənizdə hərbi təlimlərə başlayır -
"SEA BREEZE-2021"
Bu gün Qara dəniz bölgəsində Ukrayna Dəniz Qüvvələri və ABŞ Hərbi Dəniz Qüvvələrinin birgə təşkil etdiyi "Sea Breeze-2021" təlimləri başlayır.
Yerli KİV xəbər verir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri "Twitter"də məlumat yayıb.
Təlimlərdə quruda manevrlər, dalğıc əməliyyatları, dənizdə zəbt etmə ilə bağlı əməliyyatlar, hava hücumundan müdafiə, sualtı əməliyyatlar əleyhinə tədbirlər və axtarış-xilasetmə əməliyyatları daxil olmaqla müxtəlif döyüş ssenariləri sınanacaq. NATO-nun ikinci dəniz qrupu da "Sea Breez" təlimlərində iştirak edəcək. Bundan əlavə, "Sea Breeze-2021" tarixdə ən çox iştirakçı ölkənin qatıldığı təlim kimi də yadda qalacaq. Qeyd edək ki, Qara dənizə 30-dan çox ölkə 5000-ə yaxın əsgər, 32 gəmi, 40 təyyarə, 18 xüsusi təyinatlı və dalğıc qrupu göndərib.
Hərbi təlimlər 28 iyun - 10 iyul tarixlərində keçiriləcək.
Onu da xatırladaq ki, bu günlərdə ABŞ-ın xüsusi raket esminesi "USS Ross" Rusiya dəniz qüvvələrinin nəzarəti ilə Qara dənizə daxil olmuşdu. Ümumilikdə isə, Rusiya Qara dənizdə Ukrayna ilə NATO ölkələrinin genişmiqyaslı təlimlər keçirməsindən bir neçə dəfə narahatlığını ifadə edib. Moskva ABŞ-ı "Sea Breez" təlimlərinə qatılmamağa da çağırmışdı.