İspaniya İsveçrəyə, İtaliya Belçikaya qalib gələrək yarımfinala yüksəldi
Futbol üzrə Avropa çempionatında 1/4 final mərhələsinə start verilib.
Dünən günün ilk oyunu İspaniya və İsveçrə komandaları arasında baş tutub.
Rusiyanın Sankt-Peterburq şəhərindəki eyniadlı stadionda keçirilmiş qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
3 qat Avropa çempionu 8-ci dəqiqədə Denis Zakarianın öz qapısına vurduğu qolla hesabı açıb. İlk hissə ispanların minimal hesablı qələbəsi ilə bitib. 68-ci dəqiqədə Cerdan Şakiri bərabərlik qolunu vurub.
77-ci dəqiqədə İsveçrə yığmasından Remo Froyler Jerar Morenoya qarşı kobudluq edib və qırmızı vərəqə alaraq meydandan qovulub.
Əlavə vaxtın hər iki hissəsində qapılara qol vurulmayıb. İspaniya penaltilər seriyasında daha dəqiq oynayıb - 3:1.
İtaliya 31-ci dəqiqədə Nikolo Barella ilə hesabı açıb.
Oyunun 44-cü dəqiqəsində Lorentso İnsinye ikinci qolu vurub. 45+1-ci dəqiqədə isə Romelu Lukaku 11 metrlik zərbə ilə fərqi birə endirib.
İlk hissədə vurulan qollar sayəsində İtaliya meydandan qalib ayrılıb. Bununla da İtaliya yarımfinalda Londonda İspaniya ilə qarşılaşacaq.