Azərbaycan da daxil 6 ölkəyə 2,7 milyard dollarlıq plan -
Avropadan postsovet ölkələrinə yeni təklif
Avropa Komissiyası Şərq Tərəfdaşlığına daxil ölkələrin iqtisadi inkişafı və onlara investisiyalar proqramı üçün 2,3 milyard avroluq (2,72 milyard dollar) plan təklif edib.
Bu plan potensial olaraq Şərq Tərəfdaşlığı ölkələrinə 17 milyard avroluq (20,1 milyard dollar) əlavə dövlət və özəl investisiyalar cəlb etməlidir.
Komissiyanın iyulun 2-də açıqlanmış bəyanatında deyilir ki, sözü gedən plan əsas diqqəti dirçəliş, iqtisadi sabitlik və islahatlar olan gündəliyin bir hissəsidir.
Bu plan 2025-ci ildədək ticarətin canlandırılması, iqtisadi artım və iş yerlərinin yaradılması, şəbəkəli investisyalar, demokratik təsisatların və qanunun aliliyinin gücləndirilməsi, yaşıl və rəqəmsal keçidə dəstək, ədalətli, cinsi bərabərlikli və iştiraklı cəmiyyətlərin təşəkkülü kimi 10 hədəfə malikdir.
Təklif olunmuş bu uzunmüddətli məqsədlər siyasəti Şərq Tərəfdaşlığının 2021-ci ilin dekabrında keçiriləcək sammitində müzakirə olunacaq.
İttifaqın qonşuluq və genişlənə üzrə komissarı Oliver Varhelyi deyib ki, təklif edilmiş plandan məqsəd sözü gedən ölkələrdə koronavirus pandemiyasından sonrakı ictimai-iqtisadi dirçəlişə dəstək verməkdir.
Komissar deyib ki, bu dəstək “gələcək demokratik Belarusa” da şamil olunacaq. Avropa İttifaqının xarici işlər komissarı Josep Borrell deyib: "Bizim işimizin özəyində demokratiyanın, yaxşı idarəçiliyin və qanunun aliliyinin təşviqi olacaq. Bunlar bizim əməkdaşlığımızda pozitiv, konkret nəticələrin əldə olunması üçün açardır. Bura Belarus da daxildir. Biz bu ölkədə Şərq Tərəfdaşlığı vasitəsilə xalqa dəstəyimizi davam etdirmək istəyirik”.
Xatrırldaq ki, Avropa İttifaqın Şərq Tərəfdaşlığı 2009-cu ildə Avropa İttifaqı, onun üzvləri və keçmiş sovet blokunun altı ölkəsi – Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna arasında siyasi və iqtisadi bağların dərinləşdirilməsi üçün yaradlılıb.