Pakistan Şimali Kiprin müstəqilliyini tanıya bilərmi? -
Səfirlik əməkdaşları adaya gediblər
Pakistanın Türkiyədəki səfirliyi konsulluq əməkdaşlarından ibarət heyətin Şimali Kipr Türk Cümhuriyyətinə səfərə getdiyini açıqlayıb. Səfirliyin rəsmi Twitter səhifəsində yer alan məlumatda deyilir: “Səfirliyin konsulluq heyəti 11-13 iyul tarixlərində Şimali Kipr Türk Cümhuriyyətinə 3 günlük səfər həyata keçirəcək”.
Bir sıra Türkiyə KİV-ləri Pakistan səfirliyinin bu məlumatından çıxış edərək rəsmi İslamabadın Şimali Kipr Türk Cümhuriyyətini tanıya biləcəyi barədə versiyalar irəli sürüblər. Xüsusən də açıqlamada “Şimali Kipr Türk Cümhuriyyəti” ifadəsinin yer alması diqqəti cəlb edir.
KİV-lər onu da qeyd edir ki, Azərbaycanın Qarabağ müharibəsində qazandığı qələbədən sonra Şimali Kiprin beş ölkə tərəfindən tanına biləcəyi haqda iddialar gündəmə gəlmişdi. Bura Azərbaycan, Pakistan, Liviya, Banqladeş və Qambiyanın daxil olacağı bildirilirdi./virtualaz.org