Dünyanın yeni qorxusu:
“Koronavirus ən böyük genoma malik viruslardandır”
Dünyada koronavirus infeksiyasının sürətlə yayılması yeni ştammların ortaya çıxma riskini artırır.
Bu barədə ÜST rəhbəri Tedros Adhanom Qebreyesus deyib.
O bildirib ki, yeni variantların ortaya çıxması virusun yayılması ilə əlaqədardır:
“Onlardan biri peyvənddən yayına və vəziyyət pandemiyanın başlanğıcındakına qayıda bilər”.
O, həmçinin qeyd edib ki, hazırda dünyada yaranmış böhran təxirsalınmaz tədbirlər tələb edir.
ÜST-ün məramı odur ki, 2022-ci ilin sentyabrına qədər dünya əhalisninin 70 faizi peyvənd olunsun:
“Pandemiya nəzarət altına alına bilər. Buna görə 11 milyard doza profilaktik preparat tələb olunur”.
Maraqlıdır, başqa ştammların yaranma riski nə qədər realdır?
Mövzu ilə bağlı danışan hepatoloq-infeksionist Mərdan Əliyev bildirib ki, virusun yeni ştammlarının yaranması realdır:
“Çünki koronavirus ən böyük genoma malik viruslardandır. Yəni onun RNT-si böyükdür deyə, yeni ştammların meydana çıxması tez-tez baş verəcək. Bu, təbii bir haldır. Mutasiyaların baş verməsi, yeni ştammların yaranması həmişə pik hədd sayılmır. Çünki bəzən ştammlar əmələ gəldikcə, virusun azalmasına səbəb olur və yavaş-yavaş virus aqressivliyi itirir. Əslində, koronavirusun ştammları çoxdur.
Səhv etmirəmsə koronavirusun 15-dən artıq ştammı var. Sadəcə olaraq, Britaniya, “Hindistan ştammı” daha çox narahatedici olduğuna görə bunlardan daha çox danışırıq. Əvvəl daha çox “Britaniya ştammı”ndan danışırdıq. İndi isə Hindistanda tapılan “Delta” ştammı daha çox narahat edir”.
Həkim qeyd edib ki, yeni ştammın yaranması üçün yoluxma sayı sürətli olmalıdır:
“Yeni ştammların yaranması üçün yoluxma sayında çoxalma baş verməlidir. Bizdə hazırda yoluxma sayı da çox deyil, əgər yoluxma sayı davamlı 5 mindən artıq olarsa, o zaman ştammların yaranması ehtimalı ola bilər. Lakin bizim kimi kiçik ölkələrdə yeni ştammın yaranması ehtimalı azdır”.