İranda etirazlar səngimir, bir polis zabiti öldürülüb -
Küçələrdə atışma.../VİDEO
İranın cənub-qərbində yerləşən Xuzestan əyalətində su qıtlığına görə keçirilən etirazlar zamanı baş verən toqquşmalarda 1 polis zabiti öldürülüb.
Artıq 6 gündür ki, əyalətdə su qıtlığı və elektrik kəsilmələrinə etiraz olaraq aksiyalar keçirilir. Bu etirazlar zamanı baş verən qarşıdurmalarda azı indiyədək 3 nəfərin öldüyü bildirilir.
Lakin sosial şəbəkələrdə yayılan məlumatlara görə, təhlükəsizlik qüvvələri tərəfindən öldürülənlərin sayı 5 nəfərdir.
İran dövlət televiziyasının iyulun 21-də verdiyi məlumata görə, polis zabiti liman şəhəri olan Bəndər Mahşəhr şəhərində gecə saatlarında baş verən atışmada ölüb. İnsident zamanı həmçinin 1 polisin yaralandığı bildirilir.
Bütün bunlar olkənin Covid-19 pandemiyası və ABŞ-ın sanksiyaları ilə üzləşdiyi vaxta təsadüf edir. Bundan əvvəl neft sənayesində çalışan minlərlə fəhlə də maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbi ilə tətil elan etmişdilər.
Sosial şəbəkələrdə son günlər İranın müxtəlif yerlərində keçirilən etirazların foto və videoları paylaşılır. Bəzi videolarda atışma səsləri də eşidilir. İranın “Etemed” qəzeti Əhvaz əyalətində internetin məhdudlaşdırıldığını, Şadeqanda isə tamamilə kəsildiyini xəbər verir.
İran son 50 ildə görünməmiş quraqlıqla üzləşib və nəticədə kənd təsərrüfatına ciddi ziyan dəyib. Çaylarda suyun səviyyəsinin azalması həmçinin bir neçə vilayətdə elektrik enerjisinin də kəsilməsinə səbəb olub.