İsrail tankerinə hücum:
Təl-Əviv İran rəhbərliyini ittiham edir
İsrail şirkətinə aid neft tankerinə ötən həftə Hind okeanında həyata keçirilən və 2 heyət üzvünün həlak olması ilə nəticələnən hücuma görə İran rəhbərliyi günahlandırılır. Xarici KİV-lər xəbər verir ki, İsrailin xarici işlər naziri Yair Lapid beynəlxalq ictimaiyyəti Tehrana qarşı qətiyyətli addımlar atmağa çağırıb. “İran təkcə İsrailin problemi deyil. O, terrorçuluq, dağıntılar və qeyri-stabillik ixrac edən ölkədir və hamımıza ziyan gətirir”,-xarici işlər naziri deyib.
Yair Lapid bəyan edib ki, o İsrail diplomatlarına BMT-də Tehranın terrorçu hərəkətlərinə qarşı cavab tədbirləri barədə təşəbbüslər qaldırmağı tapşırıb. O, məsələni Böyük Britaniyanın xarici işlər naziri Dominik Raabla müzakirə etdiyini deyib.
Xəbər verildiyi kimi, İsrailin “Zodiac Maritime” şirkətinin istismarında olan “MT Mercer Street” tankerinə hücum Oman sahillərində həyata keçirilib. Bu zaman iki heyət üzvü-Rumıniya və Böyük Britaniya vətəndaşları həlak olub.
Dron zərbəsi nəticəsində tankerin göyərtəsində yanğın başlayıb.
İsrail şirkəti bildirir ki, hücum zamanı gəmi Tanzaniyadan Birləşmiş Ərəb Əmirliklərinə üzürdü. SOS siqnalına ABŞ Hərbi Dəniz Qüvvələrinin regiondakı gəmiləri reaksiya veriblər və heyət üzvlərinə kömək ediblər.
Amerika ordusunun informasiyasına görə, hücumun pilotsuz uçan aparatların köməyi ilə həyata keçirildiyinə dair dəqiq məlumatlar var.
“Reuters” agentliyi isə qərb ölkələrinin xüsusi xidmət orqanlarının bu hücumu İranın həyata keçirdiyinə dair məlumatlara malik olduğunu bildirir. İran tərəfi hələlik məsələyə reaksiya verməyib. Lakin İranın dövlət “Əl-Alam” telekanalı “informasiyalı regional mənbələrə” istinadən bildirir ki, hücum İsrailin Suriya aerportlarından birinə bu yaxınlarda həyata keçirdiyi hücuma cavabdır.
Lakin İranla İsrail arasında tanker müharibəsinin getdiyi bu insidentdən əvvəl də məlum idi. Belə ki, İsrail xüsusi xidmət orqanları 2019-cu ildən başlayaraq İranın neft tankerlərinə qarşı əməliyyatlar keçirirdi. Bu əməliyyatlar İranın ABŞ-ın tətbiq etdiyi sanksiyalardan yayınaraq öz neftini ixrac etməsini əngəlləməyə yönəlib.
“Mossad”ın həyata keçirdiyi əməliyyatlar nəticəsində İran neftini daşıyan bir çox tankerlər sıradan çıxarılıb, yaxud təyinat nöqtəsinə çata bilməyiblər. Nəticədə İrana milyardlarla dollar ziyan dəyib. Daha sonra İsrail tankerləri və quru yük gəmilərin də beynəlxalq sularda hücuma məruz qalmağa başlayıb. Bu hücumların İranın cavab addımları olduğu təxmin edilir./virtualaz.org