Pakistan Prezidenti Norveçlə əməkdaşlığı inkişaf etdirməyə çağırıb
Pakistanın Prezidenti Arif Əlvi Norveçin öz postunu tərk etməyə hazırlaşan səfiri Kell-Qunnar Eriksenlə görüşünün gedişində iki ölkə arasında iqtisadi və mədəni əlaqələrin genişləndirilməsinə çağırıb. Bu barədə avqustun 6-da «Pakistan radiosu» xəbər verib.
Arif Əlvi iki ölkə arasında ticari-iqtisadi münasibətlərin inkişafı üçün böyük potensiala diqqət yönəldib. Pakistan Prezidentinin sözlərinə görə, Norveç investisiya, ticarət və inkişaf məsələlərində güclü həmkardır.
Pakistanda böyük sayda Norveç şirkətlərinin olması iki ölkə arasında ticarət əlaqələrinin artımından xəbər verir.
Arif Əlvi həm də Pakistanın Kəşmir münaqişəsi barədə mövqeyini səsləndirib. O, Cammu və Kəşmirin müsəlman əhalisinə yönəlik Hindistanın qəddarlığından danışıb. Kəşmir əhalisinə BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, öz müqəddəratını təyin etmək hüququ verilməsinə çağırıb.