“Əslində Ermənistan İran üçün əhəmiyyətli deyil” -
Politoloq
Ermənistanın yenidən baş naziri seçilmiş Nikol Paşinyan ilk rəsmi səfərini İran İslam Respublikasına etdi. Səfərdə əsas məqsəd İranın yeni prezidenti İbrahim Rəisinin andiçmə mərasimində iştirak etmək idi.
Maraqlıdır ki, Rəisinin inauqurasiya mərasiminə niyə Ermənistanın digər rəhbər şəxsləri yox, məhz Paşinyan özü qatıldı. Nəzərə alsaq ki, bu, Nikolun ikinci dəfə baş nazir seçilməsindən sonra ilk rəsmi səfəridir, o zaman ortaya bir çox suallar çıxır: İrəvan bununla nəyi göstərməyə çalışır? Ermənistanın İrəvana yaxınlaşmasında məqsəd nədir?
Siyasi ekspert Elman Vəliyev bildirib ki, Paşinyan andiçmə mərasiminə qatılmaqla İranın Ermənistana dəstək verməsinə çalışır:
“İran tərəfi Ermənistanla yaxın əlaqələrinin, dostluqlarının olduğunu deyir. Paşinyan mərasimə qatılaraq çoxəsrlik əlaqələrinin olduğunu qeyd etməklə İranın Ermənistana dəstək verməsinə çalışır. İkinci Qarabağ müharibəsindən sonra Ermənistanla İranın əlaqə vasitəsi təkcə Zəngəzurdur. İran tərəfi hazırda ikili standartlar siyasəti yeridir.
Elman Vəliyevin fikrincə, Rəisinin Həsən Ruhaninin yolunu gedərək Ermənistanla əlaqələri irəlilədəcəyini zənn etmək olar:
“Əslində Ermənistan İran üçün əhəmiyyətli deyil. Ermənistandan İrana nə qaz, nə də neft gedir. İran sadəcə bu dövlətdən maraqları naminə istifadə edir. Həm Cənubi Qafqazda, həm də Orta Şərqdə Ermənistan İranın oyuncağıdır. Azərbaycan və İsrail kimi dövlətlərə qarşı Ermənistan İran üçün əlverişlidir. Çünki Ermənistanın həm Azərbaycanla, həm də İsraillə münasibətləri uzlaşmır”.
“İranda əsas söz sahibi prezident deyil, ali dini liderdir”
“İbrahim Rəisin bundan sonra Azərbaycanla münasibətləri korlayacağını zənn etmirəm. İranın başı yaxın zamanlarda bir xeyli qarışacaq. İsraillə vəziyyət son zamanlar yaman gərgindir.
Digər yandan bölgədə nəqliyyat-kommunikasiyalar barədə üçtərəfli razılağa əsasən, Ermənistan İranla Naxçıvan vasitəsilə əlaqə saxlaya bilər. Ancaq bu proses qarşılıqlı razılıq əsasında ola bilər - Azərbaycanın icazəsi ilə”.