Erməni müğənni Xankəndində konsert təşkil etdi -
Plakatlarını cırdılar /VİDEO
Rus sülhməramlılarının və separatçıların nəzarətində qalan ərazimizdə - Xankəndində erməni müğənni Andrenin konserti təşkil olunub.
Avqustun 8-nə təyin olunmuş konsert qalmaqala səbəb olub.
Belə ki, Xankəndindəki erməniləri ruhlandırmaq üçün təşkil edilən tədbirdən öncə insident yaşanıb. Övladı son 44 günlük müharibədə itkin düşmüş ermənilərdən biri müğənninin şəkli əks olunmuş reklam plakatını cırıb.
O, bu zaman “nə vaxt mənim uşağımı qaytarsalar, o zaman konsert verərlər”, deyə bildirib.
Erməni mətbuatı yazır ki, Xankəndində konsert təşkil olunmasına həmin ermənilə yanaşı övladları həlak olmuş və itkin düşmüş digər valideynlər də etiraz ediblər.
Bundan sonra müğənni konsertin formatını dəyişməli olub. O, mətbuata açıqlamasında bu tədbirin konsertdən daha çox yerli sakinlərlə görüş xarakterli olacağını bildirib.
Mətbuat yazır ki, nəticədə sözügedən tədbir çox sönük keçib və orada daha çox matəm məzmunlu bir neçə mahnı, eləcə də qondarma qurumun “himni” səsləndirilib.
Qeyd edək ki, müğənni Andre ABŞ-da yaşayır. Onun Xankəndində necə peyda olmasına və konsert təşkil etməsinə isə rus sülhməramlıları aydınlıq gətirsələr, pis olmaz...
Cəlal