Putin Əsədə Ərdoğanla danışıqlarının detallarını açıqladı
Rusiya Prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsədin telefon söhbəti olub.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Putin Ərdoğanla əldə edilən razılaşmalar barədə Əsədə məlumat verib və bildirib ki, bunların tətbiqi İdlibdə sabitliyin əldə edilməsində mühüm rol oynayacaq.
Əsəd də öz növbəsində rus-türk razılaşmasına müsbət yanaşdığını deyib və terrorla mübarizə, Suriyanın ərazi bütövlüyünün qorunmasına yönəlik səylərinə görə Putinə təşəkkürünü çatdırıb.
Xatırladaq ki, Suriyanın İdlib əyalətində vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya və Türkiyə prezidentləri arasında danışıqlar martın 5-də Moskvada keçirilib. Görüşdən sonra ortaq sənəd qəbul edilib. Tərəflər "Astana formatı" na sadiq olduqlarını bir daha təsdiqlədilər və martın 6-sı gecə yarısından atəşkəsin tətbiq olunduğunu elan ediblər. Bundan əlavə, tərəflər vacib M4 magistral yolunu birgə patrul etmək barədə razılığa gəliblər.