Avropa İttifaqı Əfqanıstana 1 milyardlıq yardımı dayandıracaq
Ursula fon der LyayenAvropa İttifaqı “Taliban”la texniki əlaqələr saxlasa da, onlarla siyasi danışıqlar aparmır və bu hərəkatı tanımaq niyyətində deyil.
TASS-ın verdiyi məlumata görə, bu sözləri Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen Madriddə əfqanıstanlı qaçqınların müvəqqəti qəbul mərkəzini ziyarət edərkən deyib.
“Avropa İttifaqı “Taliban”la operativ təmaslar qurur. Bu, təhlükə altında olan insanları xilas etmək üçün edilir. Hazırda “Taliban”la hər hansı siyasi müzakirədən və tanınmadan söhbət getmir”, - deyə Avropa Komissiyasının Prezidenti vurğulayıb.
Ursula von der Leyen bildirib ki, Avropa Komissiyası 2021-ci il üçün planlaşdırılan Əfqanıstana humanitar yardım paketini 57 milyon avroya qədər artırmaq niyyətində olub. Lakin Brüssel Əfqanıstana növbəti yeddi il üçün hesablanmış 1 milyard avroluq iqtisadi yardım paketinin dondurulduğunu elan edib.
"Taliban" milli azlıqların nümayəndələrinə və qadın hüquqlarına hörmətlə yanaşmadıqca bu yardımın icrası həyata keçirilməyəcək", - deyə o bildirib.