“Türkiyə ilə savaşacağıq“-
Rusiyalı şərqşünasdan təhdidedici açıqlamalar
"Türkiyə ilə müharibə aparacağıq". "Armenian News" xəbər verir ki, bunu Rusiya Yaxın Şərq İnstitutunun prezidenti Yevgeni Satanovski erməni saytına müsahibəsində bildirib.
O əlavə edib: “"Türkiyə həmişəki siyasətini davam etdirir. Bu siyasətə pantürkizm, panislamizm və Türk nüfuzunun, Türk əhalisinin əvvəllər və ya indi olduğu keçmiş Sovet İttifaqı ərazisinə yaymaq cəhdi deyilir.
Türklərin Krım xanlığını fəth etməsindən sonra bir zamanlar Osmanlı imperatorluğunun bir hissəsi olan Krım tam olaraq belə bir ərazidir. Təbii ki, Krım Türkiyənin xarici siyasətinin mərkəzindədir”.
Satanovski Türkiyənin keçmiş xarici işlər və baş naziri Əhməd Davudoğlunun etnik Krım tatarı olduğunu xatırladıb.
"Türkiyə Krımla bağlı açıqlamalar verərək nəyə nail olmaq istəyir, - bunu bilmirəm və bilmək də istəmirəm. Ümumən Rusiyadan tarixi qisas almağa çalışır, amma bu onun problemidir", - deyə şərqşünas qeyd edib.
Yevgeni Satanovskinin sözlərinə görə, Ankaraya yeni "S-400" hava hücumundan müdafiə sistemlərinin tədarükü ilə bağlı yaxın gələcəkdə müqavilə imzalamaq üçün hazırlıq işləri haqqında məlumatlara gəlincə, bu ayrı, paralel bir prosesdir.
"Əgər Türkiyə Ukraynaya silahla kömək etməyə qərar verərsə, bu bir şeydir, yox, əgər Türkiyə Ukraynaya Krımın geri alınmasına kömək etmək qərarına gələrsə, Türkiyə ilə müharibə aparacağıq. Axı o, Rusiya ilə dəfələrlə müharibə edib. Türkiyə ilə neçə-neçə müharibəmiz var. Türkiyə üçün onlar necə bitdilər? Sonu pis olub", - deyə Yevgeni Satanovski vurğulayıb.
Xatırladaq ki, bu yaxınlarda "Krım Platforması" forumunda çıxış edən Türkiyənin xarici işlər naziri Mevlut Çavuşoğlu deyib: “Krım - Ukraynadır. Beynəlxalq birlik bu beynəlxalq hüququn pozulması aktına qarşı vahid cəbhə kimi çıxış etməlidir".
Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Krım Platformasını rusofob aksiya adlandırıb.