Bu, Azərbaycanın milli maraqlarına ziddir -
Politoloq
Bu sözləri politoloq Samir Hümbətov deyib. Ekspert bildirib ki, Ermənistan XİN başçısı Ararat Mirzoyan mətbuat konfransında Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı danışıqların getmədiyini deyib:
“Bu isə Ermənistanın niyyətini açıq şəkildə ortaya qoymuş oldu. Həmin mətbuat konfransında Rusiya XİN başçısı Sergey Lavrov isə 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyannamədən sonra Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə soxularkən tutulmuş diversantların “hərbi əsir” adı ilə geri qaytarılmasını bildirdi.
Digər tərəfdən, Rusiya Müdafiə naziri Sergey Şoyqu Ermənistana silah tədarükünün başladığını bildirdi. Bu gün isə Ermənistan parlamentinin 3 fraksiyasını təmsil edən 20 deputat qondarma rejimin yaranmasının 30 illiyi ilə əlaqədar olaraq rus sülhməramlıların müvəqqəti nəzarət etdiyi Xankəndiyə gəlib. Bütün bu proseslər onu göstərir ki, Azərbaycana qarşı məkrli niyyət təkcə Ermənistan tərəfindən deyil, eyni zamanda ona dəstək verən Rusiya tərəfindən də aparılır.
Hesab edirəm ki, Azərbaycana qarşı aparılan bu çirkin planı aradan qaldırmaq üçün Türkiyə hərbi bazalarının Azərbaycanda yerləşdirilməsi vacib məsələyə çevrilib”. /axar.az