Türkiyəli generaldan SƏRT CAVAB:
“İranın bizə deyə biləcək sözü yoxdur”
Bizim.Media-nın sualına Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi Yücel Karauzun ilk cavabı belə olub:
“İranın bu gün verdiyi reaksiyanı anlamaq üçün keçmişə baxmaq lazımdır. Keçmişə baxanda da bunları görürük:
1. I Qarabağ savaşında İran Azərbaycana yox, təəssüf ki, Ermənistanı dəstəklədi. Oradakı problemin davamlı qalmasını öz ölkəsinin maraqlarına uyğun bildi.
2. 28 il davam edən işğal zamanı fəaliyyətlərini Ermənistanın xeyirinə istiqamətləndirdilər.
Erməni ordusunun təlimlərinə kömək etdilər. Bu gün hüquqdan danışmasına baxmnayaraq, Azərbaycanın ərazi bütövlüyünün pozulmasına səs çıxarmadı.
Eyni zamanda 44 günlük Vətən Müharibəsindən qabaq, iyulda Ermənistanın Azərbaycanın sivil yaşayış məkanlarına qarşı törətdiyi terror zamanı da İran beynəlxalq hüquqdan bəhs etmədi. Bu gün də Qarabağa qanunsuz yüklərin göndərilməsində İran baş roldadır”.
General Ərdoğanın Zəfər Paradında oxuduğu şeirin də İranda təhdid kimi qarşılandığını xatırlatdı. İran indi də birgə təlimləri qanunsuz adlandırır:
“Hər bir ölkə müstəqildir və münasibətlərdə istədiyi dövlətlə quruda, dənizdə və havada təlıimlər keçirməkdə azaddır. İran tərəfi isə yanlış bilgi və səhv nöqtəni işarə edir.
“İranın bizə deyə biləcək sözü yoxdur. Təlimlər dövlətlərarası hüquq normalarına tam cavab verir. İran özünə baxsın, Suriya və İraqda beynəlxalq hüququ pozaraq ordu saxlayan İran anlamalıdır ki, Türkiyə və Azərbaycan qardaşdır, üçüncü dövlətin ərazi bütövlüyünə qarşı koalisiya deyil. Sadəcə, təlimlər Türkiyə və Azərbaycanın daha güclü olmasına xidmət edir ki, bunun da məqsədi sülhsevərliyə bağlıdır”.