NAVALNI KREMLİN ERMƏNİ TƏBLİĞATÇISI MARQARİTA SİMONYANI İFŞA ETDİ -
"Gizli imperiya", qazanılan milyonlar... (VİDEO)
Tanınmış rusiyalı müxalifətçi, Korrupsiyaya Qarşı Mübarizə Fondunun rəhbəri Aleksey Navalnının növbəti ifşaedici araşdırmasının “qəhrəmanı” Rusiyada fəaliyyət göstərən erməni jurnalist, Kremlin təbliğat kanalı “Russia Today”in (RT) baş redaktoru Marqarita Simonyandır.
Navalnı araşdırmasında Marqarita Simonyanın və əri Tiqran Keosyanın dövlət reklamçıları ilə telekanal arasındakı vasitəçi xidmətlərindən, həmçinin NTV üçün proqram hazırlanmasından qazandığı yüz milyonlarla rubldan bəhs edib.
“Parazitlər”: təbliğatçılar ailəsinin gizli gəlirləri” adlı videomaterialda Navalnı Simonyan və əri ilə əlaqələri olan şirkətlər zəncirini üzə çıxarıb. Söhbət, Keosyanın NTV-dəki «Mejdunarodnaya pilorama» proqramının RT-nin studiyasında hazırlanmasından və bu proqrama reklam verən şirkətlərdən gedir.
Araşdırmada qeyd olunur ki, «Mejdunarodnaya pilorama» proqramı NTV-nin özü tərəfindən deyil, Keosayanın “Gold Vision” studiyası tərəfindən çəkilir. Telekanal sadəcə, proqramı satın alır.
Proqramın bir buraxılışının qiyməti 3,4 milyon rubl təşkil edir. Hər il orta hesabla 35-ə yaxın buraxılış olur ki, bu da “Gold Vision”ın NTV-nin məxsus olduğu “Gazprom Media”dan ildə 120 milyon rubl aldığını göstərir.
Fondun məlumatına görə, Simonyan və əri 3 reklam agentliyi, bir studiya və iki şirkət vasitəsilə 3 ildə 720 milyon rubl qazanıblar.
Bu agentliklərin müştəriləri arasında “Aeroflot”, Rusiya Daxili İşlər Nazirliyi, FTX Xeyriyyə Fondu, “Skolkovo” fondu və sərvəti “Forbes” tərəfindən 11,5 milyard dollar dəyərində qiymətləndirilən milyarder Viktor Vekselberq var.
Navalnı iddia edir ki, bu prosesdə cütlüyün yaxın qohumları da iştirak edir.
Araşdırma Navalnının rəhbəri olduğu fondun əldə etdiyi çox sayda maliyyə və mühasibat məlumatları əsasında hazırlanıb. Navalnının sözlərinə görə, fond bu məlumatları açıq mənbədə yoxlayıb və həqiqiliyinə əmin olandan sonra dərc edib.
Marqarita Simonyan “Snob” nəşrinə açıqlamasında bildirib ki, «Mejdunarodnaya pilorama»nın bədii rəhbəridir və bu işinə görə NTV-dən qonorar alır. Simonyanın sözlərinə görə, bundan əlavə də federal kanallar məhsullar istehsal edir və bunun müqabilində də pul alır.
“Əlbəttə ki, proqramı hazırlayan şirkətin RT ilə müqaviləsi var”, – deyə Simonyan “Aeroflot”un proqrama reklam verdiyini də təsdiqləyib. Simonyan gəlirlərinin ümumi məbləği barədə heç nə deməyib.
Korrupsiyaya Qarşı Mübarizə Fondu hesab edir ki, “Snob”a məlum açıqlamasında Simonyan araşdırmada yazılanları təsdiqləmiş olub./Tərcümə Strateq.az