“DÖYÜŞ ƏMƏLİYYATLARININ PLANI ÇOXDAN İŞLƏNİB HAZIRLANIRDI”-
İlham Əliyevin İqor Korotçenkoya müsahibəsinin TAM MƏTNİ
Globall.az müsahibənin tam mətnini təqdim edir.
-Cənab Prezident, çox böyük geosiyasi nəticələr doğurmuş məlum hadisələrin baş verdiyi gündən demək olar ki, bir il keçir. Bu, Azərbaycanın hərbi və siyasi qələbəsi, regionda və bütövlükdə dünyada bütün vəziyyətin kökündən dəyişməsi idi. Bununla belə, gəlin, həmin günə - 2020-ci il sentyabrın 27-nə qayıdaq. Həmin gün necə başlandı? Sizə necə məruzə etdilər ki, Ermənistan döyüş əməliyyatlarına başlayıb, ümumiyyətlə, həmin gün hadisələr necə inkişaf edirdi?
-Bəli, gün həmin məlumatla başlandı. Müdafiə naziri mənə məlumat verdi ki, təmas xəttindəki mövqelərimiz və bəzi yaşayış məntəqələrimiz Ermənistan tərəfindən artilleriya atəşinə məruz qalıb. Adekvat cavab vermək qərara alındı və beləliklə, biz müharibəyə qoşulduq. Məlum oldu ki, bu, labüd idi. Hadisələr çox sürətlə inkişaf edirdi. Hərbi əməliyyatların birinci gününün sonunda biz Kəlbəcər rayonunda, Murovdağda və Ağdərə istiqamətində strateji əhəmiyyətli yüksəklikləri, həmçinin 6 kəndi – Füzuli rayonunda 4 və Cəbrayıl rayonunda 2 kəndi azad etdik. Biz elə ilk gündə düşmənin müdafiə xəttini yarmağa nail olduq və bundan sonra bütün 44 gün ərzində yalnız irəli getdik.
-“Dəmir yumruq” adı almış əks-hücum əməliyyatının planı necə hazırlanırdı? Nə üçün məhz bu ad qəbul edildi? Sizin rəhbərliyinizlə əks-hücum əməliyyatı planının hazırlanmasında kimlər iştirak edirdi?
-Dondurulmuş münaqişə vəziyyətində olsa da, müharibə şəraitindəki ölkədə həyatın bütün halları üçün döyüş əməliyyatlarının aparılması planı, təbii ki, çoxdan işlənib hazırlanırdı. Əlbəttə, yeni reallıqlar, Azərbaycanın yeni imkanları, o cümlədən texnoloji imkanları nəzərə alınmaqla bu plana vaxtaşırı dəyişikliklər edilirdi və hər dəfə həmin dəyişikliklər mənim tərəfimdən təsdiq olunurdu. Bu, təbiidir. Mən onu da bilirəm ki, Ermənistan tərəfinin müharibə ilə bağlı fəaliyyət planı vardı.
Əməliyyatın adına gəldikdə isə, təbii ki, hərbi əməliyyatların başlanğıcında bizim əməliyyatın heç bir adı yox idi. Mən Azərbaycan xalqına müraciətlərim zamanı azad edilmiş şəhərlər və kəndlər barədə məlumat verərkən bir neçə dəfə “dəmir yumruq” ifadəsindən istifadə etmişəm. Mən bu termindən bir neçə dəfə istifadə edir və deyirdim ki, əgər düşmən işğal edilmiş bütün ərazilərdən xoşluqla çıxıb getməsə, bizim “dəmir yumruq” onun başını əzəcək.
-Müharibə həmişə bütün dövlət sisteminin, dövlət idarəçiliyinin, xalqın iradəsinin möhkəmliyi üçün sınaqdır. Sirr deyil ki, ərazisinin bir hissəsi uzun onilliklər boyu işğal altında olduğu şəraitdə Azərbaycan bu müharibəyə hazırlaşırdı. Siz Azərbaycanda həyata keçirilmiş, yekunda qələbə qazanmağa kömək etmiş həmin hərbi potensiala malik olmağa imkan vermiş siyasi, iqtisadi və digər dəyişikliklərin gedişini xarakterizə edə bilərsinizmi?
-Bəli, siz tamamilə haqlısınız. Təbii ki, biz qısa müddətdə, hətta əməliyyatların gedişində resurslarımızın – həm insan resurslarının, həm də texniki ehtiyatların səfərbər edilməsi üçün çox fəal iş aparmalı idik. Deməliyəm ki, həmin 44 gün ərzində biz daha bir ordu korpusu formalaşdırdıq. Qısa müddətdə - cəmi iki gün ərzində həmin korpusun şəxsi heyəti səfərbər edildi. Onlar, həmçinin bütün zəruri silahlar və texniki vasitələrlə təmin edildi.
Lakin təbii ki, biz uzun müddət öz potensialımızın möhkəmləndirilməsi, ilk növbədə, iqtisadi müstəqilliyin təmin edilməsi üzərində işləyirdik. Ona görə ki, bunsuz biz hansısa maliyyə qoyuluşlarından, yaxud kredit resurslarından asılı olardıq və təbii ki, silahlı qüvvələri modernləşdirməyi özümüzə rəva görə bilməzdik.
Əlbəttə, müasir nümunəli hərbi texnika alınması baxımından silahlı qüvvələrin modernləşdirilməsi böyük sürətlə gedirdi. Bu məlumatlar həmişə açıq mətbuatda dərc edilirdi və bizim kimdən, nə qədər və nə aldığımızı hamı bilirdi.
-Müharibə dövründə liderlər, ali baş komandanlar həmişə diqqət mərkəzində olurlar. Sizin nə dərəcədə sakit, təmkinli və eyni zamanda, inamlı olmağınızı hamı görürdü.
-Bu suala dərhal cavab vermək mənim üçün çətindir. Düşünürəm ki, burada yəqin, hansısa xarakteroloji xüsusiyyətlər rol oynayır. Prinsip etibarilə mən təmkinli, sakit insanam.
Hərbi əməliyyatlar aparılan dövrdə biz bir dəfə də, provokasiyalara uymadıq. Hətta ermənilər şəhərlərimizi bombalayanda, uşaqlarımızı və qadınlarımızı öldürəndə də biz Ermənistana eyni şəkildə cavab vermədik, biz onların şəhərlərini bombalamadıq. Hərçənd, bizi coşduran emosiyaları başa düşmək olardı.
-Hər bir müharibənin müəyyən xronologiyası var. Siz sentyabrın 27-dən başlayaraq qələbə ilə - Azərbaycan üçün xüsusi məna kəsb edən, strateji əhəmiyyətli və müstəsna dərəcədə rəmzi məna daşıyan Şuşa şəhərinin götürülməsi ilə başa çatmış əməliyyatın əsas mərhələlərini, əsas gedişini necə səciyyələndirərdiniz?
-Fikrimcə, mühüm mərhələlərdən biri, əlbəttə, düşmənin təqribən 30 il ərzində möhkəmləndirdiyi birinci müdafiə xəttinin yarıldığı ilk gündür. İndi artıq işğaldan azad edilmiş ərazilərə gedənlər bu xəndəkləri görür, tank əleyhinə maneələrin, tikanlı məftillərin və minalanmış sahələrin bir hissəsi hələ qalır, bütün əraziyə yüz minlərlə mina basdırılıb və onlar hələ oradadır.
Mən Hadrut əməliyyatının əhəmiyyətini də qeyd edərdim. Çünki bizi orada gözləmirdilər, erməni tərəfi bizim bu yolla gedəcəyimizi güman etmirdi və bu, onlar üçün gözlənilməz oldu. Biz Hadrutu götürəndən bir neçə gün sonra da erməni tərəfi deyirdi ki, Hadrut onların nəzarətindədir.
Hadrutdan qabaq – oktyabrın əvvəlində Cəbrayıl şəhəri azad edildi. Bu, rəmzi baxımdan da vacib idi, çünki bu, ilk şəhər idi. Bundan əvvəl biz kəndləri və qəsəbələri azad etmişdik. Oktyabrın 17-də Füzuli şəhərinin azad edilməsi də, əlbəttə, mühüm mərhələ idi. Çünki bu, Qarabağ regionunda əhalisinin sayına görə Ağdamdan sonra ikinci böyük şəhərdir. Mən Soltanlı və Əmirvarlı yaşayış məntəqələrinin alınmasını da qeyd etmək istərdim.
Əlbəttə, sonrakı əməliyyatı – Qubadlının azad edilməsini və Laçın rayonunun cənubuna çıxmağımızı da qeyd etmək istərdim. Laçın rayonunun Güləbird və digər kəndlərinin azad edilməsi Laçın dəhlizinə nəzarət etməyimizə imkan verdi. Əslində, dəhliz artıq bizim nəzarətimiz altında idi. Əlbəttə, bizim qələbəmizin zirvəsi Şuşa əməliyyatıdır. İndi Zəfər yolu ilə Şuşaya gedən hər kəs bizim oraya haradan getdiyimizi görə bilər. Bu, sadəcə, inanılmaz fiziki və mənəvi qüvvələrin səfərbər edilməsi idi. Yolsuzluq şəraitində, yüngül silahlarla günlərlə yorulmadan bu qədər məsafə qət etmək və sonra Şuşanı azad etmək misli görünməmiş igidlik, qəhrəmanlıqdır. Əlbəttə, Şuşanın alınması düşmənin belini qırdı və bundan sonra düşmən praktiki olaraq təslim oldu.
-Müasir dövrdə hər bir müharibə hibrid xarakter daşıyır və bu müharibənin informasiya tərkib hissəsi hərbi tərkib hissədən heç də az əhəmiyyət kəsb etmir. Biz erməni təbliğat maşınının necə işlədiyini, Azərbaycanın necə cavab verdiyini görürdük. “Rossiya” telekanalının “60 dəqiqə” proqramının efirə çıxdığı gün rusiyalı televiziya tamaşaçılarının çoxunun yadındadır.
-Deyərdim ki, bu da bir növ bədahətən oldu. Çünki döyüş əməliyyatlarının ilk günlərindən dünya mediasında – həm Rusiya, həm Qərb mediasında, həm də qonşu ölkələrdə bu münaqişəyə maraq yüksək idi. Mən bütün müraciətlərə cavab verməyə razılaşırdım, çünki vəziyyət barədə həqiqəti – nələr baş verdiyini, münaqişənin səbəblərinin nədən ibarət olduğunu, kimin işğalçı və kimin işğal qurbanı olduğu barədə həqiqəti mümkün qədər çox ölkənin ictimaiyyətinin diqqətini çatdırmağı vacib hesab edirdim.
Bütün bunlar belə bir fabula ətrafında formalaşırdı və bu şəraitdə bizim həqiqəti deməyimiz, əlbəttə, çox çətin idi, çünki bizim media resurslarımız ermənilərin müvafiq resursları ilə müqayisə edilə bilməzdi. Münaqişə medianın diqqətini cəlb etdi və mən nələr baş verməsi barədə həqiqəti çatdırmaq üçün bu imkandan istifadə etdim.
-44 günlük müharibə bu gün dünyanın aparıcı ölkələrinin baş qərargahlarında öyrənilir. Dünya səviyyəli hərbi ekspertlərin çoxu onu, ilk növbədə, dronlar müharibəsi adlandırırlar.
-Siz tamamilə haqlısınız. İkinci Qarabağ müharibəsinə qədər pilotsuz uçuş aparatlarından bu miqyasda, bu cür səmərəli şəkildə istifadə edilməyib. Biz pilotsuz uçuş aparatları almağa yetərincə çoxdan, hafizəm məni aldatmırsa 10 ildən çox bundan əvvəl başlamışdıq. Bunlar İsrail istehsalı olan qırğın vasitələri idi. Biz onları mənimsədik və 2016-cı ilin aprelində qısamüddətli döyüş əməliyyatları zamanı tətbiq etdik. Bu, erməni tərəfi üçün gözlənilməz oldu.
“Bayraktar”lara gəldikdə, döyüş əməliyyatları zamanı onlardan bir neçəsi daim havada olurdu. Əlbəttə, bəzən hava şəraiti buna əngəl törədirdi, lakin əksər günlərdə hava aydın olduğu üçün onlar, ola bilsin kiçik fasilələrlə, praktiki olaraq hər gün işləyirdi. İsrail və Türkiyə istehsalı olan PUA-ları əlaqələndirmək və uyğunlaşdırmaq, əlbəttə, böyük ustalıq tələb edirdi.
Bundan əlavə, siz də düzgün olaraq qeyd etdiyiniz kimi, “Bayraktar TB2”lər həm də kəşfiyyat xarakteri daşıyır və buna görə onların təsirini bizim artilleriya atəş sistemləri, aviasiya sistemləri ilə əlaqələndirmək vacib idi və bu, əlbəttə, çox böyük peşəkarlıq, vərdiş tələb edirdi, çünki bu, çox mürəkkəb məsələdir. Çox mürəkkəb.
-Üstəlik, Siz müsahibənin əvvəlində dediniz ki, əks-hücum əməliyyatının aparılması zamanı Sizin qarşıya qoyduğunuz vəzifələrdən biri dinc əhali arasında itkiləri minimallaşdırmaq, istisna etmək idi.
-Bəli, siz tamamilə haqlısınız və məhz bu səbəbdən erməni tərəfinin dinc əhali arasında itkisi çox az, bizim məlumata görə təqribən 30 nəfər olub. Fikrimcə, onlar da bu məlumatlar barədə mübahisə etmirlər. Onların əksəriyyəti artilleriya toplarının yaxınlığında olmuş, döyüş sursatları daşıyan və özləri həmin toplardan atəş açan mülki şəxslər idi.
-İkinci Qarabağ müharibəsinin bütün dünyada aparıcı hərbi tədqiqat mərkəzlərinin xüsusi diqqətini cəlb etmiş daha bir səhifəsi Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin fəaliyyəti idi. Biz bunu xüsusən Şuşa şəhərinin azad edilməsi əməliyyatında əyani gördük.
-Bəli, siz tamamilə haqlısınız, Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələri işğal altında olan ərazilərin azad edilməsi üzrə ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının və bir sıra başqa əməliyyatların keçirilməsində həlledici rol oynayıblar. Onlar bir sıra əməliyyatlar zamanı ölümün üzərinə gedərək, peşəkarlıq və fədakarlıq nümayiş etdiriblər.
Mən xüsusi təyinatlı qüvvələrə həmişə ayrıca diqqət yetirmişəm. Onların fəaliyyəti, təchizatı, gündəlik məşqləri mənim mütəmadi nəzarətimdə olub. Mən dəfələrlə onlarla görüşmüşəm və görmüşəm ki, biz həqiqətən çox yüksək döyüş qabiliyyətli, çox mürəkkəb məsələləri həll edə biləcək hərbi vahid yaratmışıq.
Sizin düzgün olaraq qeyd etdiyiniz kimi, biz müxtəlif strukturların tərkibində bir neçə xüsusi təyinatlı bölmə yaratdıq. Sərhəd qoşunlarının xüsusi təyinatlıları hərbi əməliyyatlarda, bir sıra yaşayış məntəqələrinin azad olunmasında çox fəal və səmərəli iştirak ediblər. Mən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının xüsusi təyinatlılarını da qeyd etmək istərdim, çünki onlar da hərbi əməliyyatların gedişinə fəal qoşulublar. Biz onları hazırlayır və təchiz edirdik, lakin əvvəlcə onların istifadəsini nəzərdə tutmamışdıq.
Hərbi əməliyyatların müəyyən mərhələsində biz Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun xüsusi təyinatlılarını da cəlb etdik. Onlar Naxçıvandan ezam olunmuşdu və döyüş əməliyyatlarında xüsusi təyinatlı qüvvələrin digər nümayəndələri ilə bərabər iştirak edirdilər. Dəniz piyadaları da, Dövlət Təhlükəsizliyi Xidmətinin və Xarici Kəşfiyyat Xidmətinin xüsusi əməliyyat qüvvələri də özlərini çox fəal və səmərəli göstərdilər.
-İkinci Qarabağ müharibəsinin gedişində Ermənistan Azərbaycanın şəhərlərinə dəfələrlə, əsasən gecə vaxtı operativ-taktiki raket komplekslərindən istifadə etməklə zərbələr endirib. Biz bu dəhşətli gecə kadrlarını xatırlayırıq və Sizin müraciətiniz hamının yadındadır.
-Siz tamamilə haqlısınız. Müharibə dövründə kimin kim olduğunu, kimin vicdanlı döyüş apardığını və kimin yatmış şəhərlərə alçaqcasına hücum etdiyini hamı gördü. Özü də ən maraqlısı budur ki, gecə vaxtı Gəncənin yaşayış məhəlləsinə, yatan insanlara və uşaqlara operativ-taktiki raket zərbələri endiriləndən sonra Ermənistan rəhbərliyi bəyan etdi ki, onların bu məsələyə heç bir aidiyyəti yoxdur. Bilirsiniz, bu, ifrat həyasızlıqdır. Bəs kim edib? Biz özümüz vurmuşuq?
Lakin Tərtər şəhəri, əlbəttə, daha çox zərər çəkib. Çünki cəbhə xəttinin bilavasitə yaxınlığında yerləşirdi, hər gün artilleriya atəşinə tutulurdu. Bu kiçik şəhərə 16 mindən çox mərmi atılıb. Beləliklə, onlar döyüş meydanında məğlubiyyətin acığını çıxmağa və ya bizdən qısas almağa çalışırdılar. Bu, birincisi.
Deməliyəm ki, bəzi Qərb dairələri də bu niyyətdə idi, çünki bəzi müsahibələrim zamanı və ya müsahibədən sonrakı söhbətlərdə bəzi qərbli müxbirlər mənə təəccüblə deyirdilər ki, biz ermənilərin atəşlərindən həlak olmuş insanların dəfnində iştirak etmişik və orada heç bir narazılıq görməmişik, əksinə, hamı Sizin haqqınızda danışır, hamı Sizə təşəkkür edir, hamı istəyir ki, Siz bu işi sona çatdırasınız. Vəziyyət belə idi.
Tribunal məsələsinə gəldikdə isə, bilirsiniz, yaxşı məlumdur ki, hərbi cinayətlər üzrə beynəlxalq tribunal kifayət qədər siyasiləşdirilmiş, ikili standartlara, fərqli yanaşmalara əsaslanan təsisatdır və son illərin hadisələri bunu dəfələrlə sübut edib. Ermənistanın Qərbdə mövcud olan bu cür lobbist potensialı, Ermənistanın bir sıra Qərb ölkələri ilə xüsusi münasibətləri nəzərə alınmaqla, tam səmimi deyirəm, bizim buna nail olacağımıza ümid etmək çətindir.
İşğal illərində vurulmuş ziyanın qiymətləndirilməsi üzrə də iş aparılır, bu iş başa çatmaq üzrədir. Biz beynəlxalq hüquq şirkətlərini cəlb etmişik, onlar qiymətləndirmə aparır, gələcəkdə beynəlxalq məhkəmələrdə hüquqi iddialar qaldırılmasında bizə kömək edəcəklər. Çünki Ermənistan törətdiyi cinayətlərə - bizim əmlakımızın talan edilməsinə, tarixi abidələrin, vətəndaşların əmlakının məhv edilməsinə, meşələrin qırılmasına, çaylarımızın və göllərimizin çirkləndirilməsinə, işğal altında olan ərazilərimizdə faydalı qazıntılardan qanunsuz istifadə edilməsinə görə cavab verməlidir, bütün bunlar hesablanır. Yəni, biz bu işi məqsədyönlü şəkildə aparırıq.
-Üçtərəfli Bəyanat bu müharibəyə nöqtə qoydu. Çıxılmaz vəziyyətə düşmüş Ermənistan kapitulyasiya etdi. Azərbaycanın zəfərinin rəmzi olan məlum kadrlar hamımızın yadındadır. Bu qərar necə qəbul edildi, nələr kadr arxasında qaldı? Bəlkə elə təfsilat var ki, bu “siyasi mətbəx” barədə bu gün danışmaq olar.
-Bilirsiniz, praktiki olaraq hərbi əməliyyatların ilk günlərindən etibarən mən jurnalistlərə müsahibələrimdə də, öz çıxışlarımda da, Azərbaycan xalqına müraciətlərimdə də dəfələrlə deyirdim ki, Ermənistanın baş naziri işğal altında olan ərazilərdən çıxacağı tarixi deyən kimi biz müharibəni dayandırmağa hazırıq. Mən bunu hərbi əməliyyatlar dövründə mənə zəng vuran, dayanmağımı tələb və ya xahiş edən Qərb liderlərinin çoxuna, Qərb ölkələrinin liderlərinə də demişəm.
Buna görə dediyim mövzuya bir daha qayıdıram, mən dəfələrlə bu cür bəyanatlar etmişəm və bu mövqe Vladimir Vladimiroviç Putinə məlum idi. Biz Şuşa şəhərini azad edəndən sonra Vladimir Vladimiroviç mənə zəng vurdu və dedi ki, erməni tərəfi yerinə yetirməli olduğunu yerinə yetirməyə hazırdır.
-Hamının yadındadır ki, bu Qələbə qazanılandan sonra, - bu kadrlar hamının yadındadır, - Siz və birinci xanım atanız Heydər Əliyevin məzarını ziyarət etdiniz. Onu Rusiyada, o cümlədən həm Sovet İttifaqının görkəmli dövlət xadimi kimi, həm də Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etmiş insan kimi xatırlayırlar.
-Bunlar çox qarışıq hisslər idi, çünki necə deyərlər, bunu dərk etmək üçün kifayət qədər vaxt keçməmişdi. Əslində, artıq noyabrın 7-də biz əmin idik ki, Şuşa azad ediləcək. Hələ bəzi yerlərdə hərbi əməliyyatlar gedirdi, lakin artıq noyabrın 8-nə keçən gecə biz elan etdik ki, Şuşa azad olunub və səhər mən bu müraciəti etdim.
Lakin o vaxt hələ tam qələbə yox idi. Mən fikirləşirdim ki, biz hələ çox iş görməliyik, çünki o vaxt güman edə bilməzdim ki, ertəsi gün müharibə qurtaracaq. O vaxt biz erməni tərəfdən siqnal almamışdıq, əksinə, onlar Şuşanı artıq azad etmiş hərbi qarnizonumuzu bombalamaq üçün bəzi silahlardan istifadə edirdilər. Bu, ayın 8-i səhər idi.
-Müharibəyə final nöqtəsi qoyan Zəfər paradı oldu. Ümumiyyətlə, bu niyyət necə gerçəkləşdi? Ssenari necə idi? Hər halda, bunlar rəmzi məsələ, tarixi məsələ idi, götür-qoy etmək lazım idi. Bu barədə danışardınız.
-Bəli, mən bu qərarı demək olar ki, Ermənistan kapitulyasiya aktı imzalayandan dərhal sonra qəbul etdim. Elə dərhal müdafiə nazirinə sərəncam verdim ki, parada hazırlaşsın, hazırlıq təqribən 1 ay çəkdi. Ona görə ki, necə deyərlər, hələ hamının başı döyüş əməliyyatlarına qarışmışdı, biz buna yaxşı hazırlaşmalı idik, başa düşürdük ki, bu, qeyri-adi paraddır.
Yadımdadır, 2018-ci ildə biz Azərbaycan Ordusunun yaradılmasının 100 illiyini qeyd edərkən mən paradda çıxış edərək demişdim ki, indi parada 2016-cı il döyüşləri zamanı işğaldan azad edilmiş Lələtəpə ərazisində ucaldılmış bayrağı gətirəcəklər. O vaxt demişdim ki, gün gələcək, biz azad edilmiş ərazilərdə ucaldılmış bayrağı Zəfər paradına gətirəcəyik. Həmin gün gəldi.
-Hərbi?
-Bəli, hərbi, tamamilə doğrudur. Onların üzərində “Qarabağ Azərbaycandır və nida işarəsi” sözləri yazılıb. Mənim fikrimcə, bu, həmin paradın kulminasiyası idi.
-Siz Hərbi Qənimətlər Parkının adını çəkdiniz. Bu da müəyyən mənada rəmzdir. Ona görə ki, orada təqdim edilən texnika kifayət qədər ciddi texnikadır və müharibə nə qədər asan görünsə belə, ağır müharibə idi. Bu, potensiallar müharibəsi, mən deyərdim, ideologiyalar müharibəsi idi.
-Bu, ilk növbədə, bizim Zəfərimizin nümayişidir. Bu, məhz ağır döyüşlərdə qazanılmış Zəfərimizin nümayişidir. Ona görə ki, bir daha deyirəm, biz düşməni əsla zəif hesab etməməli idik və heç vaxt belə etməmişik, onlar çox yaxşı silahlanmışdı. Təbii ki, həmin parkda məhv edilənlərin və ələ keçirilənlərin az bir hissəsi nümayiş etdirilir.
Həmin parkın rəmzi mənalarından biri də ondan ibarətdir ki, biz bu müharibəni heç vaxt unutmayaq. Mən dəfələrlə demişəm, bəli, müharibə başa çatıb, biz bu səhifəni çevirməyə hazırıq, biz hətta Ermənistan ilə sülh müqaviləsi üzərində işə başlamağa hazırıq, lakin biz heç vaxt işğal dövrünü unutmamalı, Xocalının günahsız qurbanlarını, həlak olmuş mülki və hərbi vətəndaşlarımızı unutmamalıyıq. Bu xatirəni daimi yaşatmaq üçün bu park lazımdır.
-Azərbaycan müharibənin yaralarını sağaldır və bu işin sürəti heyrət doğurur. Mən Füzulidə, Ağdamda olmuşam, sanki nüvə bombardmanından sonrakı yerlərdir.
-Bəli, siz tamamilə haqlısınız. Biz çox böyük sürət götürmüşük və əsas məqsədimiz keçmiş qaçqınları və köçkünləri tezliklə öz yurdlarına qaytarmaqdır, onlar hədsiz çox gözləyiblər. Mən bu barədə demişəm, bir daha demək istəyirəm ki, bizim əsas maneəmiz, əsas rəqibimiz zamandır. Biz bir il ərzində və ya il yarım ərzində bunu, sadəcə, fiziki olaraq edə bilmərik, ona görə ki, siz özünüz də görmüsünüz, orada heç nə yoxdur, özü də hər yerdə.
İndi bölgədə genişmiqyaslı işlər aparılır, ilk növbədə, elektrikləşmə işləri. Biz azad olunmuş bütün əraziləri artıq bu ilin sonuna qədər elektrik enerjisi ilə tam təmin edəcəyik. Laçında, Kəlbəcərdə və Suqovuşanda gücü 20 meqavat olan su elektrik stansiyaları bərpa edilib, artıq onlar enerji verir. Bir neçə yardımçı stansiya tikilib. Bütün istiqamətlərdə yollar çəkilir.
Lakin daha böyük problem minalanmış sahələr problemidir. Minalanmış sahələrin ermənilər tərəfindən bizə verilmiş az miqdarda xəritələrinin dəqiqliyi təqribən 25 faizdir. Minalanmış sahələrin xəritələrinin çox hissəsini isə bizə vermirlər. Ona görə bu çox çətin işdir, onu sürətlə icra etmək mümkün deyil. Nə qədər vəsaitin olsa belə, bunun üçün vaxt lazımdır.
Bir də, əlbəttə, Zəngilan rayonundakı “smart village” – “ağıllı kənd” kimi nöqtəvi layihələr var. İndi digər rayonların hərəsində bir pilot layihə həyata keçirəcəyik ki, insanları qaytara bilək. Mən vaxt müəyyən etmək istəmirəm, lakin düşünürəm ki, - düşünürəm yox, lap dəqiq deyirəm, - Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər.
-Cənubi Qafqazda perspektivlər, vəziyyət barədə nə deyərdiniz?
-Perspektivlər əsasən erməni tərəfin mövqeyindən asılıdır. Biz öz mövqeyimizi bildirmişik. Biz dövlət sərhədinin delimitasiyası prosesinə başlamağa hazırıq. Biz Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzərində işə başlamağa hazırıq. Çünki bu müqavilə lazımdır. Müharibə qurtarıb, Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb, özü də həmişəlik. Buna görə normal qarşılıqlı əlaqələr yaratmaq lazımdır.
Mənim fikrimcə, hazırda region ölkələrində müzakirə olunan təşəbbüslər də müsbət istiqamətə - əməkdaşlığa yönəlib. Bilirsiniz, 3+3 təşəbbüsü var. Bu təşəbbüs Rusiya, İran, Türkiyə və Azərbaycan tərəfindən dəstəklənib. Gürcüstanın etirazı var, Ermənistan isə öz mövqeyini bildirməyib. Nə hə deyib, nə yox. Yenə mövqe yoxdur.
-Mən fikir vermişəm, Heydər Əliyev Fondu dünya memarlıq şedevrlərini, Azərbaycanın tarixi irsini, mədəni mühiti necə qayğı ilə və necə yüksək keyfiyyətlə bərpa edir! Bu, çox vacibdir və şübhəsiz, bu qayğı çox böyük hörmətə layiqdir. Ona görə ki, həqiqətən, məhv edilmiş mədəniyyət şedevrləri, memarlıq inciləri bərpa olunur.
-Bəli, siz tamamilə haqlısınız. Heydər Əliyev Fondu artıq neçə ildir bu istiqamətdə və başqa istiqamətlərdə - səhiyyə, təhsil, Azərbaycan mədəniyyətinin qorunub saxlanması, muğam və aşıq sənəti kimi ənənəvi incəsənət növlərinin qorunub saxlanması üzrə iş aparır. Azərbaycan xalqı bunlarsız yaşaya bilməz, biz bütün bunları gənc nəslə çatdırmalıyıq, gənc nəsil ənənəvi dəyərlər ruhunda, yaşlılara hörmət ənənələri ruhunda böyüməli, Azərbaycan xalqının çoxəsrlik tarixi boyu qoruyub saxladığı bütün yaxşı dəyərlər itirilməməlidir. Müasir qloballaşma meyilləri və ya əxlaqın deqradasiyası ilə bağlı müasir meyillər nəzərə alınmalıdır.
Şuşada “Xarıbülbül” festivalı keçirməyimiz, festivalın ilk günündə Azərbaycanda yaşayan bütün xalqların nümayəndələrinin çıxış etməsi mənim ideyam idi. Mən bunu Fonda təklif etdim və onlar bunu çox parlaq şəkildə təşkil etdilər, göstərdilər ki, bu, bizim ümumi qələbəmizdir. Bu qələbə uğrunda Azərbaycanda məskunlaşan bütün xalqlar canlarından keçiblər. Yaxın günlərdə biz Şuşada Vaqif poeziya günlərini bərpa etdik, Vaqifin dağıdılmış məqbərəsini bərpa etdik.
-Müsahibəmizin sonunda Siz Rusiya auditoriyasına hansı sözlərlə müraciət etmək istərdiniz? Xüsusən ona görə ki, Rusiya Prezidenti Vladimir Putin ilə Sizi çox hörmətli, xeyirxah, səmimi münasibətlər bağlayır, bu isə dövlətlərarası münasibətlərdə çox vacibdir.
-Sağ olun, xoş sözlərə görə sağ olun. Siz tamamilə haqlısınız, münasibətlərimizin inkişafına bu cür ton və istiqamət verən Prezident Putin ilə bizik. Son illərdə çox dinamik inkişaf etmiş və yenə inkişaf etməkdə olan bu münasibətlər keyfiyyətcə tamamilə yeni səviyyəyə çatıb. İndi biz bu səviyyəni daha da yüksəltmək üzərində işləyirik.
İkitərəfli münasibətlərin bundan sonrakı inkişafı məsələsinə gəldikdə isə, bizdə hər şey müəyyəndir, hazırda artıq iqtisadi, nəqliyyat, enerji, humanitar istiqamətlərə aid altı yol xəritəsi üzrə işləyirik. İndi biz gənclərin mübadiləsi ilə bağlı məsələlər üzərində fəal işləyirik, estafeti vermək üçün yox, bu hələ tezdir, amma hər halda siqnal vermək üçün Rusiya-Azərbaycan Gənclər Forumu keçirməyi planlaşdırırdıq, pandemiya buna bir qədər mane oldu.
İndi bizdə, deyərdim ki, yeni mərhələdir, Qarabağ regionunda rusiyalı sülhməramlılarının olması nəzərə alınmaqla qarşılıqlı fəaliyyət daha sıx, əlaqələr daha fəal olub.
Siz də qeyd etdiniz ki, burada böyük rus icması var. Onlar ölkəmizin layiqli vətəndaşlarıdır, onlar ikitərəfli əlaqələrin möhkəmlənməsi işində çox böyük rol oynayırlar. Bizdə təhsilin rus dilində olduğu 340-dan çox məktəb, dövlətə məxsus ali təhsil müəssisələrində tədrisin rus dilində olduğu fakültələr var, on minlərlə tələbə və məktəbli rus dilində təhsil alır.
-Sağ olun. Sizə səmimi təşəkkürümü bildirmək istərdim ki, bu cür gərgin iş qrafikinizdə belə müfəssəl, məxsusi, böyük, mən deyərdim, sistemli müsahibə üçün vaxt tapdınız.
-Sağ olun. Xoş sözlərə görə çox sağ olun. Mən də münasibətlərimizin bu cür dostluq xarakteri daşıması barədə fikrinizə bir daha şərik olmaq istərdim.
-Sağ olun.