Dələduzluqda ittiham edilən sabiq hakimə 9 il həbs istənildi
Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxsin 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Həmçinin iclasda zərərçəkmişlər Rüstəm Abdullayev, Azad İbrahimov və onların vəkilləri çıxış edib.
Növbəti iclas oktyabrın 6-na təyin edilib.
Qeyd edək ki, Lətif Nəbiyev CM-nin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunur. Keçmiş hakim iki nəfərə qarşı 300 min dollardan çox dələduzluq edib.
Zərərçəkmişlərdən biri Rüstəm Abdullayev saytımıza bildirib ki, şərikli iş görmək adı ilə Lətif Nəbiyevə 59 700 dollar verib. Lətif ona Ucar və Kürdəmirdə qaz, İsmayıllıda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı iş gördüyünü və yaxşı qazanc olduğunu deyib. Sərmayə yatırdığı halda onun xeyir götürəcəyi vədini verib. Lakin vəd olunan qazanc Rüstəm Abdullayevə ödənilməyib.
L.Nəbiyev digər zərərçəkmiş Azad İbrahimovdan 247 400 dollar alıb. Bu vəsaitlə ona torpaq sahəsi alacağını bildirib. A.İbrahimov qeyd edib ki, keçmiş hakim onu aldadıb və aldığı pulları geri qaytarmayıb.
Belə ki, L.Nəbiyev Bakının gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 120 sot torpaq sahəsi tapdığını, həmin torpağın dəyərinin əslində 500 min dollar olduğunu, lakin hakimlik nüfuzundan istifadə edərək torpağı 240 min dollara ala biləcəyini deyib. Azad buna görə Lətifə 234 min dollar verib.
Xatırladaq ki, Lətif Nəbiyev 2000-2007-ci illərdə Bakı Apellyasiya Məhkəməsinin, 2007-2008-ci illərdə isə Suraxanı rayon Məhkəməsinin hakimi olub. 24 aprel 2008-ci ildə Məhkəmə-Hüquq Şurasının qərarı ilə statusundan və vəzifə səlahiyyətlərindən istifadə etməklə korrupsiya hüquqpozmasına yol verdiyinə görə səlahiyyətlərinə xitam verilib. Daha sonra Prezidentin sərəncamı ilə vaxtından əvvəl hakimlikdən azad olunub.