“Azadlıq” radiosunun Laçın yalanı...-
Rusiya MN-dən çox da fərqlənmir...- VİDEO
Rayonun Zabux kəndindəki məktəbin erməni müəllimi burada 1988-ci ildən məskunlaşdıqlarını bildirir...
Xəbər verdiyimiz kimi, ABŞ-ın “Azadlıq” radiosunun erməni redaksiyası Azərbaycanın hazırda Rusiya hərbçilərinin nəzarətində olan Laçın rayonundan reportaj hazırlayıb.
Moderator.az reportajın bəzi məqamlarının Azərbaycan dövlətinin milli mənafelərinə uyğun olmayan bəzi məqamlara aydınlıq gətirib.
Sözügedən reportajda həftədə üç dəfə şəhərin içərisindən Azərbaycanın müşayiət olunan avtomobil kolonu keçdiyi və ermənilərin həmin günlərə "Türklərin günü" dedikləri vurğulanır.
Bəhs edilən günlərdə evdən çıxmamağa çalışan erməni qadınların dili ilə guya Azərbaycan hərbçilərinin onları söydüyü, üzərlərinə maşın sürdüyü və s. kimi böhtanlar söylənilməklə Azərbaycan türklərinin vəhşi obrazı yaradılmağa çalışılır...
Halbuki, yaxşı məlumdur ki, Azərbaycan ordusunun maşın karvanları Laçın rayonunun humanitar dəhlizə aid olan kəndlərindən və Laçın şəhərindən yalnız Rusiya hərbçilərinin müşayiəti ilə keçir, bu halda maşınların üzərindəki Azərbaycan dövlət bayraqları endirilir və onlar müəyyən olunmuş marşrut trayektoriyasından kənara çıxmır...
Doğrudur, reportajda Laçın rayonu və rayonun Zabux və Sus kəndləri ermənilərin qoyduğu adlarla deyil, öz adları ilə göstərilir. Lakin sona yaxın Zabux kəndində 1992-ci ildən bəri qanunsuz məskunlaşmış ermənilərin məktəbinin “biz türklərdən qorxmuruq, onlar bizdən qorxmalıdır” deyən qadın müəllimi söyləyir ki, guya ermənilər buraya, yəni Laçın rayonunun sözügedən kəndinə 1988-ci ildən gəldiyini bildirir və bununla həmin kəndi Ermənistan ərazisi kimi təqdim etməyə çalışır...
Amma Azərbaycanın Goranboy rayonunda doğulub Gəncə şəhərində boya-başa çatmış, dilimizdə səlis danışan və bəlkə də 30 ildən çox “Azadlıq” radiosu, eləcə də “BBC”-nin erməni redaksiyalarının müxbiri kimi çalışdığından qondarma Qarabağ münaqişəsinin gedişatını çoxumuzdan yaxşı bilən Aleksey Mamvelyan öz şərhində söylənilən belə saxta məlumatlara təkzib vermir.
Yəni bildirmir ki, əvvəla, ermənilər Laçına, o cümlədən Zabux kəndinə 1988-ci ildən yox, 1992-ci ilin mayından, yəni bu rayon mərkəzi və ətraf kəndlərinin Rusiya və Qərbin dəstəyi ilə Ermənistan tərəfindən işğalından sonra qanunsuz olaraq köçüblər. Həmçinin rayon mərkəzində sovet dövründə yaşamış bir neçə erməni istisna olmaqla ermənilər Laçın rayonun digər kəndləri kimi Zabux kəndində də tarix boyu heç vaxt kompakt şəkildə yaşamayıb...
Bu baxımdan ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən “Azadlıq” radiosunun yalanı 10 noyabr 2020-ci il razılaşmasından bəri öz rəsmi saytında bir neçə dəfə Laçın rayonunu “Dağlıq Qarabağın Laçın rayonu” adlandıran, Laçın şəhəri və “Aqavno” adlandırdığı Zabux kəndində qanunsuz məskunlaşmış erməniləri isə “yerli sakinlər” kimi təqdim edən Rusiya Müdafiə Nazirliyinin yalan və saxtakarlığından çox da fərqlənmir...