Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır -
RƏSMİ
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, Füzuli hava limanı beynəlxalq uçuşlar üçün açıqdır və Qarabağın turizm potensialının inkişafına töhfə verəcək.
Bundan əlavə, hava limanına Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) tərəfindən latın əlifbasının üç hərfindən ibarət FZL kodu verilib. Bu fərdi kod hava limanının yerləşdiyi şəhərin adı - Füzuli ilə bağlıdır.
Hava limanlarının IATA kodları sərnişin daşımaları üçün böyük əhəmiyyət kəsb edir, bu kodlar aviaşirkətlər, aviabilet satışı üzrə agentliklər, biletləri beynəlxalq təxsisetmə sistemləri və s. tərəfindən istifadə olunur.
Perronun sahəsi 60 min kvadratmetrdir və 8 hava gəmisinin dayanacağı üçün nəzərdə tutulmuşdur.
Avtomatlaşdırılmış sistemlərlə təchiz edilmiş hava hərəkətini idarəetmə qülləsinin inşası başa çatmışdır. Bu, Füzuli hava limanına ICAO və IATA standartlarına uyğun uçuşların başlanmasına imkan yaradacaq.
Eyni zamanda, dövlət başçısının tapşırığı ilə Laçın və Zəngilan rayonlarında beynəlxalq hava limanlarının tikintisi davam etdirilir.
Füzuli hava limanından əlavə, hazırda Azərbaycanda altı beynəlxalq hava limanı tikilərək fəaliyyət göstərir – Bakıda (GYD), Gəncədə (GNJ), Naxçıvanda (NAJ), Qəbələdə (GBB), Lənkəranda (LLK) və Zaqatalada (ZTU). Sadalanan hava limanlarından başqa, Azərbaycanda Yevlax hava limanı və Abşeronun Zabrat qəsəbəsində yerləşən "ASG Helicopter Services" (ZXT) helikopter aviaşirkətinin bazası aviasiya xidmətləri göstərir.