Bolqarıstan prezidenti olmağa iddialı Mustafa Karadayı kimdir?-
DOSYE
Bu fonda 21 nəfər, o cümlədən hazırkı dövlət başçısı Rumen Radev prezidentliyə namizəddir.
Modern.az xəbər verir ki, namizədlər arasında Azərbaycan üçün ən diqqət çəkən şəxs yeganə qeyri-bolqar namizəd, türk mənşəli Mustafa Sali Karadayıdır. Haqq və Azadlıqlar Hərəkatının sədri olan Karadayı 1970-ci il mayın 8-də Yunanıstanla sərhəddə yerləşən Smolyan vilayətinin Qarabulaq şəhərində anadan olub. O, Bolqarıstan Milli və Dünya Təsərrüfatı Universitetini bitirib və 1996-2001-ci illərdə Yeni Bolqar Universitetində professor olaraq çalışıb.
1991-ci ilin mayından Karadayı Haqq və Azadlıqlar Hərəkatının üzvü olur, 1998-2003-cü illərdə isə gənclər qanadına rəhbərlik edir. Haqq və Azadlıqlar Hərəkatını 1990-cı il yanvarın 4-də təsis edən, uzun illər ona başçılıq edən doktor Əhməd Doğan 2013-cü ildə ona qarşı edilən uğursuz sui-qəsd cəhdindən sonra istefa verir.
2017-ci ildə keçirilən parlament seçkilərində Haqq və Azadlıq Hərəkatı 10,8% səs toplayaraq 240 yerlik parlamentdə 26 kürsüyə sahib olur. Bundan başqa, Avropa Uğrunda Demokratların və Liberalların Alyansının (ALDE) üzvü kimi Hərəkat Avropa parlamentində 4 deputat yerinə sahibdir.
Parlamentdə 4-cü ən böyük siyasi qüvvə sayılan Haq və Azadlıqlar Hərəkatı sosial liberalizm və milli azlıqların hüquqlarının müdafiəsi istiqamətində çalışır. Partiyanın namizədi Mustafa Karadayının prezident seçkilərində qələbəsi ehtimalı aşağı dəyərləndirilir. Türk mənşəli namizədin əsas elektoratı ölkənin qərbində və cənubunda kompakt yaşayan türklər, müsəlman-bolqarlar əsas göstərilir.
Onlar ölkə əhalisinin 8,8%-ni təşkil edir. Maraqlıdır ki, rəsmi Sofiya türk amilinini önəmini azaltmaq üçün türklərin real sayını azaltmağa çalışır. Belə ki, ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi, beynəlxalq hüquq təşkilatları Bolqarıstan əhalisinin 15%-ə qədər hissəsinin türk və müsəlman mənşəli olduğunu bildirir. Bu statistika Karadayının toplayacağı səs faizinin yüksək olmasına yardım edəcək.
Digər tərəfdən, Türkiyədə 300 mindən çox Bolqarıstan vətəndaşının olması və onların verəcəyi səs də türk mənşəli namizədin göstəricilərin təsir edəcək.
1980-ci illərin sonlarında milli zəmində ciddi diskriminasiyalar məruz qalan və bir hissəsinin Türkiyəyə köç etdiyi Bolqarıstan müsəlmanları qarşıdakı illərdə bu Avropa Birliyi ölkəsinin həyatında daha aktiv rol oynamağa iddialıdır. Mustafa Kabadayının prezidentliyə namizəd olması bu dəyişikliyin ilk carçısıdır.