Bir həftədə “Laçın dəhlizi”ndən Qarabağa 200 tranzit avtomobili keçib -
RƏSMİ
Bir həftə ərzində Laçın dəhlizindən Dağlıq Qarabağa və əks istiqamətə 200-dən artıq tranzit nəqliyyat vasitəsinin və 1000-ə yaxın adamın təhlükəsiz gəliş-gedişi təmin olunub.
Məlumatı Rusiyanın Müdafiə Nazirliyi yayıb.
Məlumatda deyilir ki, 27 müşahidə postu avtomobil nəqliyyatı və adamların Qarabağa və əks istiqamətə təhlükəsiz gediş-gəlişini sutka boyunca təmin edir.
O da qeyd olunur ki, “mümkün provokasiyaların qarşısını almaqdan ötrü” bütün avtonəqliyyat vasitələri yoxlanır. “Müəyyən günlərdə postdan tikinti materialları olan avtomobil karvanları keçir, onları Rusiya sülhməramlı kontingentinin hərbi polis bölmələri müşayiət edir”, – kontingentin təmsilçisi Yevgeni Mişin deyib.
Müdafiə Nazirliyi postların hamısında videomüşahidə kameralarının yerləşdirildiyini qeyd edib.
Laçın dəhlizində və Qarabağda ümumilikdə 27 müşahidə postunun qurulduğu vurğulanıb.
Ötən il noyabrın 10-da Azərbaycan və Ermənistan Rusiyanın vasitəçiliyi ilə atəşkəs razılaşması imzalayıb. Sənədə əsasən, 44 gün davam edən hərbi əməliyyatlar dayanıb, Laçın dəhlizi və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.