Araik dekabrda Xocavəndə təzə “mer” “seç”dirməyə qərar verdi...
Xocavənd rayonunun mərkəzi və 81 kəndindən 47-si hələ də Azərbaycanın nəzarətində deyil...
30 il öncə Azərbaycanın keçmişdə “Dağlıq Qarabağ” adlanan ərazisində qondarılmış və 44 günlük savaşdan sonra da Rusiyanın rəsmən sülməramlı sayılan hərbi kontingentinin himayəsi altında hələ də tör-töküntüləri fəaliyyət göstərən separatçı-terrorçu erməni rejimi torpaqlarımızda növbəti qanunsuz “ seçki” keçirməyi planlaşdırır.
Rusiya mediasının yaydığı məlumata görə, separatçı-terrorçu rejimin Xankəndindəki qeyri-qanuni “qanunverici” qurumu dekabrın 10-da Xocavənd şəhərində və rayonun Kiş kəndində “yerli orqanlara” “seçki” keçirməyi, yəni təzə “mer”lər “seç”məyi qərara alıb.
Xatırladaq ki, Araik Arutyunyanın başçılıq etdiyi separatçı kriminal rejim bu il oktyabrın 10-da Ağdam rayonunun “Nor-Qazançi” adlandırılmış Sırxavənd, Xocalı rayonunun Xaçmaç, “Tsaxkşat” adlandırılmış Qışlaq və Xocavənd rayonunun “Herher” adlandırılmış Qarqar kəndlərində “yerli orqanlar”a “seçki”lər keçirib və təzə “mer”lər “seç”iblər...
Zəruri arayış:
Xocavənd şəhəri 2 oktyabr 1992-ci il tarixdə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. 1991-1993-cü illərdə rayonun, 1 hektarlıq Nərgiztəpə adlı ərazi istisna olmaqla, demək olar ki, bütün kəndləri işğal edilib.
2020-ci ilin 44 günlük müzəffər savaşımız nəticəsində Xocavənd rayonunun 81 kəndindən Hadrut qəsəbəsi və 34 kəndi işğal azad edilib.
10 noyabr 2020-ci il tarixdə imzalanmış üçtərəfli atəşkəs razılaşmasına əsasən Xocavənd şəhəri və rayonun digər 47 kəndi, o cümlədən bəhs edilən Kiş kəndi müvəqqəti olaraq Rusiyanın sülhməramlı sayılan hərbi qüvvələrinin nəzarətinə verilib.
Sultan Laçın