Azad olunmuş rayonlarda pay torpaqları necə bölünəcək?
Bəs işğaldan azad olunmuş Qarabağ bölgəsinin sakinləri arasında pay torpaqlarının bölgüsü necə aparılacaq?
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirib ki, artıq bununla bağlı qeydiyyat işləri aparılır:
“Bu məsələ ilə bağlı qeydiyyat işləri başlayıb. Hətta artıq əkinə yararlı torpaqlar da müəyyən olunub.
Prezident Qarabağ torpaqlarına səfəri zamanı bildirdi ki, “Ağıllı kənd”, “Ağıllı şəhər” layihələrinin həyata keçirildiyi Zəngilan rayonunda 600 hektara yaxın torpaq yararlı hala salınıb və 450 hektara yaxın torpağın isə əkinə ayrılması nəzərdə tutulur.
Bununla yanaşı, bələdiyyə torpaqları da müəyyənləşəcək. Artıq torpaqlar qeydiyyata alınıb, ərazilər müəyyənləşib və ilkin xəritələri hazırlanıb. Əhali həmin ərazilərə qayıtdıqdan sonra bu məsələlər tam şəkildə öz həllini tapacaq”.
“Bu məsələ əhalinin sayından asılıdır. Əvvəllər də başqa rayonlarda torpaqlar sakinlərə veriləndə əhalinin sayı nəzərdə alınırdı. Çünki elə kənd, rayon var ki, onların torpaq ehtiyatı çoxdur.
Ola bilər ki, ərazidə bələdiyyə, pay torpaqları üçün daha böyük sahələr ayrılsın. Elə ərazi var ki, əhalisi çoxdur, ərazisi kiçik. Bunların hamısı nizamlanmalıdır. Aqrar islahatlar bu formada qanunauyğun aparılmalıdır”.
Xatırladaq ki, Azərbaycanda torpaq islahatı 1996-cı ildə başlayıb və bir neçə il davam edib. Bu islahat nəticəsində keçmiş kolxoz və sovxozlar ləğv edilərək, onlara məxsus ərazilər pay torpağı şəklində yerli əhaliyə paylanıb.
Qarabağ bölgəsinin rayonları isə işğal altında olduğundan orada torpaq islahatı aparılmayıb.