Qazın və işığın yeni tarifləri qüvvəyə mindi -
Bahalı istehlak dövrü başladı
Bu gündən etibarən Azərbaycanda elektrik enerjisi və təbii qazın qiyməti artır.
Oktyabrın 16-da Tarif Şurasının verdiyi qərara görə, illik 1200 kubmetrə qədər təbii qazın hər kubmetrinin qiyməti əhali üçün 12 qəpikdən hesablanacaq. İndiyə kimi bu, 10 qəpik idi.
Qazın 1200 kub metrdən sonrakı həcmi iyul ayında qəbul edilən tarifə uyğun qalacaq. Yəni, əhali illik 1200 kubmetrlik normanı keçərsə, 2500 kubmetrin 1 kub metri üçün 20 qəpik, bu limiti də aşarsa, sonrakı hər kubmetr üçün 25 qəpik ödəyəcək.
Təbii qazın bir kubmetri üçün qiymət sənaye və kənd təsərrüfatı sektoru üçün də artıb.
Elektrik enerjisinə gəlincə isə əhali üçün tarif diferensiasiyası dəyişib.
İndiyədək elektrik enerjisi üçün iki ödəniş həddi olub - aylıq 300 kVts-dək (7 qəpik) və 300 kVts-dan çox (11 qəpik).
Tarif Şurasının yeni qərarında üç kateqoriya yaradılır.
200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts,
200 kVts - 300 kVts arası 9 qəpik/kVts,
300 kVts-dan yuxarı isə 13 qəpik/kVts
Tarif Şurası təbii qaz qiymətlərinin sürətli artımının dünyada, o cümlədən Avropada elektrik enerjisi qiymətlərinin kəskin qalxmasına təkan verdiyini bildirir.
"Hazırda təbii qazın hasilat və istehlakçıya çatdırılma xərci satış qiymətlərini üstələyir", - məlumatda deyilir.
"Azəriqaz" İstehsalat Birliyi tariflərə baxışın qaçılmaz olduğunu bildirib.
"Azərişıq" ASC-nin nümayəndəsi isə bildirib ki, elektrik enerjisi ilə bağlı yeni diferensiasiya aztəminatlı ailələr üçün güzəştli tarif siyasətini qoruyub saxlamış oldu.