Rumıniyadan gələn iki oğru azərbaycanlı iş adamını soydu -
növbəti cəhddə yaxalandılar
Rumıniyadan Türkiyəyə oğurluq üçün gələn iki xarici ölkə vətəndaşı İstanbuldakı sərgi mərkəzində azərbaycanlı iş adamını soyub.
Türkiyə KİV-ləri xəbər verir ki, hadisə ötən gün noyabrın 4-də Yeşilköy rayonunda yerləşən sərgi mərkəzində baş verib.
F.T. adlı azərbaycanlı iş adamı sərgiyə qatılmaq üçün Azərbaycandan İstanbula gedib. Sərgi mərkəzində bir müddət gəzib-dolaşan iş adamı daha sonra yemək yemək üçün kafelərdən birində oturub.
Bu zaman cibində 9 min 700 dollar olan gödəkçəsini oturduğu stuldan asaraq yeməyini yeməyə başlayıb. Arxa masada oturan xarici ölkə vətəndaşları M.İ.L. və B.B.G. isə iş adamının cibindəki pulu götürərək aradan çıxıblar.
Yeməyini yeyəndən sonra ciblərinə baxan azərbaycanlı iş adamı pulunun oğurlandığını görüb. O, Yeşilköy polis idarəsinə gedərək şikayət edib, sərgi mərkəzində pulunun oğurlandığını bildirib.
Polislər oğruların hələ də sərgi mərkəzində dolaşdıqlarını ehtimal edərək kafenin təhlükəsizlik kameralarının görüntülərini araşdırıb və həmin şəxslərin kimliyini müəyyənləşdiriblər.
Sərgi mərkəzini axtaran polislər həmin iki nəfərin başqa bir şəxsin pulunu eyni üsulla oğurlamağa cəhd göstərdiyini görüblər və onları cinayət başında yaxalayıblar.