Prezident BP qrupunun baş icraçı direktorunu qəbul edib
Bildirilib ki, BP şirkəti Azərbaycanla, o cümlədən SOCAR şirkəti ilə dünyada ən güclü tərəfdaşlıq əlaqələrinə malikdir. Öz növbəsində Azərbaycanın da ən möhkəm tərəfdaşlığı BP şirkəti ilədir. Qeyd edilib ki, ölkəmizin bu şirkətlə qarşılıqlı inama əsaslanan əməkdaşlığının zəngin tarixi və parlaq gələcəyi var.
Söhbət zamanı BP şirkətinin bərpa olunan enerjiyə göstərdiyi marağın Azərbaycanın enerji strategiyasına uyğun gəldiyi qeyd edilib, bu sahədə BP ilə əməkdaşlığın genişlənməsi məsələlərinin nəzərdən keçirildiyi bildirilib.
Bernard Luni xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanın faydası naminə korbohidrogen ehtiyatlarının inkişafı ilə bağlı təşəbbüslərini xatırladaraq, hazırda Prezident İlham Əliyevin enerji keçidi məsələsi ilə bağlı baxışlarına görə təbriklərini çatdırıb.
BP qrupunun baş icraçı direktoru Bernard Luni Azərbaycanın ətraf mühitin mühafizəsi sahəsində səylərini yüksək qiymətləndirərək ölkəmizin bu istiqamətdə dünyanın aparıcı dövlətləri sırasında olduğunu dedi və bildirib ki, Azərbaycanda ətraf mühitin standart və qaydalarının qorunması bir çox inkişaf etmiş ölkələrdən daha güclüdür. Öz növbəsində, Prezident İlham Əliyev Azərbaycanda ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən danışıb. Söhbət zamanı əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər müzakirə edilib.