“Biz Avropanı qızdırırıq, onlarsa bizi təhdid edirlər”-
Lukaşenko Avropanı hədələdi
Belarusla Polşa sərhədində yaranmış miqrant böhranı səngimək əvəzinə daha da dərinləşir.
Xarici KİV xəbər verir ki, Rusiya və Belarus mətbuatında Belarus Prezidenti Aleksandr Lukaşenkonun Avropa ölkələri rəhbərlərinə sərt xəbərdarlığı yayımlanıb.
Məlum olduğu kimi, Lukaşenko bilərəkdən Yaxın Şərqdən və digər “qaynar nöqtələr”dən gətirilən miqrantları Avropa Birliyi sərhədlərinə toplayaraq, Avropanı təhdid etməkdə günahlandırılır. Bu səbəbdən Avropa ölkələri Belarusu yeni sanksiyalar paketilə hədələyir.
Buna cavab olaraq, Belarus Prezidenti Avropanı yolları bağlamaqla, tranziti dayandırmaqla təhdid edib: “Polşa bizi qorxudur ki, sərhədi bağlayacaq. Buyurun, bağlayın. Məsələ bunda deyil. Mən sadəcə, bu başsız yaramazlara qulaq asdım. Bəs, biz Belarusdan tranziti bağlasaq necə?
Ukraynadan getməyəcək, çünki orada Rusiya ilə sərhəd bağlıdır. Pribaltikadan yol yoxdur. Misal üçün polyaklar və almanlar üçün bağlasaq, o zaman nə olacaq? Biz suverenliyimizi və müstəqilliyimizi qoruyarkən heç nəyin qarşısında dayanmamalıyıq.”
Daha sonra Lukaşenko xatırladıb ki, Yamal-Avropa magistral transmilli qaz xətti məhz Belarus ərazisindən keçir: “Biz Avropanı qızdırırıq, onlarsa bizi sərhədi bağlamaqla təhdid edirlər.
Bəs, əgər biz oraya gedən təbii qazı bağlasaq, nə olacaq? Ona görə də mən Polşa rəhbərliyinə, litvalılara və digər başsızlara məsləhət görərdim ki, danışmazdan əvvəl düşünsünlər...”
Lukaşenko əlavə edib ki, Avropa Belarusa qarşı hansısa yeni ağır sanksiyalar tətbiq edəcəyi halda, rəsmi Minsk bütün cavab variantlarına əl atacaq.