Polşa Belarusla sərhədə divar tikməyə hazırlaşır -
Maçey Vonsik
Polşa hakimiyyəti Belarusla sərhədə divar tikməyə hazırlaşır.
Xarici KİV xəbər verir ki, bu haqda ölkənin daxili işlər nazirinin müavini Maçey Vonsik bildirib. O, divar tikintisinin gələn ilin birinci yarısında başlaya biləcəyini deyib, amma konkret müddət göstərməyib.
Nazir müavini bunu hələlik podratçı şirkətlərlə müqavilələrin bağlanmaması ilə əsaslandırıb. Onun sözlərinə görə, hələlik sərhəddə sakitlikdir və xüsusi heç nə baş vermir.
Lakin Varşava Belarus istiqamətindən sərhədə tərəf yeni qaçqın kütləsinin hərəkət etdiyi haqda məlumat alıb.
Xatırladaq ki, Belarusun turizm firmaları Yaxın Şərq və Afrika ölkələrindən olan minlərlə qaçqını daşıyaraq ölkənin Polşa ilə sərhədlərinə cəmləşdirib. Qaçqınlar sərhədi keçərək Almaniyaya və digər Avropa ölkələrinə axın etmək istəyirlər. Yaranmış vəziyyətlə bağlı Polşa sərhədə ordu cəmləşdirib.