Ara: "Çakaten-Qafan yolunda 100-120 hərbçi var idi..." - "Yol artıq bizim üçün bağlandı..."

Azərbaycan tərəfi noyabrın 15-nə keçən gecədən etibarən Gorus-Qafan yolunun daha bir hissəsində-Zəngəzurun Çakaten kəndini Qafana birləşdirən yolda (Zəngilan ərazisi) sərhəd-gömrük rejimi tətbiq etməyə başlayıb.
Nəticədə Ermənistan vətəndaşlarının Azərbaycan ərazisindən keçməklə bu yoldan istifadəsi praktiki olaraq dayandırılmış olur.
İndi Zəngəzurun Çakaten və daha bir neçə kəndinin sakinləri Qafana getmək üçün 7-8 kilometrlik yolun əvəzinə Mehridən keçməklə 150 kilometr yol getməlidir, çünki alternativ yol keçilməzdir və hökumət bu yolun ancaq ilin sonuna yaxın hazır ola biləcəyini deyir.
Erməni KİV-ləri xəbər verir ki, Çakaten kəndinin icma rəhbəri Ara Arutyunyan ötən axşam Azərbaycan tərəfinin nəzarətində olan yolla Qafana gedib.
O deyir ki, Çakaten kəndinin yaxınlığında azərbaycanlıların ağır texnikası işləyir, 10-15 silahlı şəxs isə prosesə nəzarət edir.

“Mən Qafana qədər getdim, ardımca həmkəndlilərim bir saaat ərzində gəldilər, həmin sahədə artıq 100-120 hərbçi var idi, onların bir hissəsi maskalı idi.
Artıq maneə qurmuşdular və yük avtomobilləri, hərbi avtomobillər yolun bu hissəsindən keçə bilməz. Yol bizim üçün bağlandı. O tərəfdə isə 6 kənd, hərbi hissə var. Hakimiyyətdən heç kim gəlməyib, nə də zəng vuran olmayıb”, - Arutyunyan deyib.

O, heyrətlə bildirib ki, azərbaycanlılar cəmi bir neçə saat ərzində yolda sərhəd-gömrük keçid məntəqəsi quraşdırıb başa çatdırdılar.
“Dünən saat 14.00-da sakitlik idi, 16.00-dan tikinti işləri başladı. 24 saat ərzində hər şeyi tikib başa çatdırdılar, yolu bağladılar, əllərini yuyub getdilər.
Biz isə hələ alternativ yol barədə fikirləşirik. Meşədən keçən o yolla getmək mümkün deyil, heç piyada da mümkün deyil. İndi bilmirəm geri kəndə necə qayıdacam”, - kənd icmasının rəhbəri bildirib.
Xatırladaq ki, bundan əvvəl Azərbaycan tərəfi Gorus-Qafan yolunun Qubadlının Eyvazlı və Çayzəmi kəndlərindən keçən hissəsində gömrük-sərhəd nəzarəti tətbiq edib.
Nəticədə Ermənistan vətəndaşları və bu ölkəyə yük daşıyan İran TIR-ları üçün yol bağlanıb, alternativ yol isə bəzi hissələrdə hələ qruntdur və yağışlı, qarlı havalarda keçilməz olur.
Oxunub: 284
Xəbəri paylaş
Paylaş: