“9 noyabr bəyanatındakı öhdəliklər tam yerinə yetirilməlidir”-
Minsk Qrupu bəyanat yaydı
ATƏT-in Minsk Qrupu həmsədrləri Azərbaycan-Ermənistan sərhədində son insidentlərdən “dərin narahatlıq bildirən” bəyanat yayıb.
ABŞ-dan Endrü Şofer, Rusiyadan İqor Xovayev və Fransadan Bris Rokfeyin adından bəyanat noyabrın 15-də açıqlanıb.
Həmsədrlər tərəfləri gərginliyi dərhal azaltmaqdan ötrü konkret addımlar atmağa çağırırlar. Onlar tərəfləri qızışdırıcı ritorika və provokativ addımlardan çəkinməyə, 9 noyabr atəşkəs bəyanatı və digər atəşkəs razılaşmaları çərçivəsində öhdəliklərinə tam əməl etməyə səsləyirlər.
Bəyanatda deyilir ki, gərginliyin artması Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bütün qalan məsələlərin danışıqlar yoluyla, hərtərəfli və davamlı həllinə ehtiyac olduğunu göstərir.
Həmsədrlər tərəfləri iki ölkənin xarici işlər nazirlərinin Nyu-Yorkda və Minskdə Minsk Qrupunun vasitəçiliyi ilə keçirilmiş görüşlərində əldə olunmuş proqresə əsaslanaraq, regionda təhlükəsizlik, sabitlik və rifah naminə birbaşa dialoqu davam etdirməyə çağırırlar.