Amerikalılar Ayda AES inşa etmək üçün ideya axtarışı elan edib...
NASA və Aydaho Milli Laboratoriyası Ayda atom elektrik stansiyası inşa etmək üçün ideya axtarışı elan edib.
Bu barədə “Associated Press” agentliyi məlumat yayıb. Təkliflər almaq üçün sorğu noyabrın 19-da elan edilib. 2020-ci ilin sonuna qədər Günəşdən asılı olmayan enerji təchizatı sisteminin yaradılması planlaşdırılır, layihə variantları 19 fevral 2022-ci il tarixinə qədər NASA-ya göndərilməlidir.
“Ay səthində etibarlı və güclü enerji sisteminin təmin edilməsi insanın kosmos tədqiqatında mühüm addımdır və biz bunu edə bilərik”, - deyə Aydaho Milli Laboratoriyasının layihə meneceri Sebastyan Korbizyero bildirib.
Ayda insanın sabit mövcudluğunu təmin etmək mümkün olarsa, növbəti hədəf Mars olacaq. NASA bildiriir ki, nüvə reaktoru Ayda və ya Marsda ətraf mühit şəraitindən asılı olmayaraq etibarlı və güclü enerji sistemi təmin edə bilər. Bundan əlavə, agentliyin nümayəndələri ümid edirlər ki, bu layihə Yer kürəsində faydalı olacaq texnologiyaların inkişafına gətirib çıxaracaq.
Reaktor Yerdə qurulacaq və sonra Aya göndəriləcək. Plana görə, sistemə aşağıdakılar daxil olmalıdır: uranla işləyən reaktor nüvəsi, istiliyi elektrik enerjisinə çevirən sistem, istilik idarəetmə sistemi və 10 il ərzində ən azı 40 kilovat enerji təmin etməli olan paylayıcı sistem. Həmçinin qeyd edilir ki, reaktor insan müdaxiləsi olmadan işə salınıb söndürülməli, eniş aparatının bortunda işləməyi bacarmalı, həmçinin nəql üçün əlçatan olmalıdır.
Bundan əlavə, o, Yerdən buraxılarkən diametri 4 metr və hündürlüyü 6 metr olan silindrə sığmalıdır.