Lirə böhranı Türkiyəni bölür -
Siyasi ekspert: "MHP ilə AKP-nin yolları ayrıla bilər..."
Son bir ayda türk lirəsinin ucuzlaşması ilə Türkiyədə yaranan kəskin inflyasiya, noyabrın 23-də lirənin bir-dən-birə 20 faizə yaxın dəyər itirməsi ilə pik nöqtəsinə çatdı. Bu isə ölkədə ciddi gərginliyə səbəb olaraq, insanların küçələrə axışmasına gətirib çıxardı.
Lirənin düşmə səbəbi əslində prezident Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyatı gücləndirmək məqsədilə faiz dərəcələrini azaltmaq planını müdafiə etməsi ilə əlaqələndirilir.
Verilən məlumata görə, ötən qərardan sonra türk lirəsi çərşənbə axşamı günü bir dollara nisbətdə 12 lirənin bir qədər üzərində dayanıb.
Belə bir vəziyyətdə daxildə müxalifət xalqın narazılıq səsinə səs qataraq kütlələri iqtidara qarşı etiraza çağırıb. Hətta ana müxalifət erkən prezident seçkiləri keçirilməsi kimi tələblər səsləndirib.
Digər mənbələr qeyd edir ki, Türkiyədəki kəskin devalvasiya iqtisadiyyatı ixracatı sürətləndirməklə gücləndirmək məqsədi daşıyır. Qeyd edək ki, Qarabağ məsələsindən Azərbaycana dəstəyindən sonra Qərb və onun müttəfiqləri Türkiyə mallarının boykot olunması kimi aksiyaları irəli sürməyə başladı.
Belə olan halda Türkiyə mallarına olan tələb xeyli aşağı düşdü. Hazırda lirənin düşməsinin pik həddə çatması digər tərəfdən onun ixracat gücünü artırmasına şərait yaradır.
Lakin görünən odur ki, Qərblə hesablaşmaq istəməyən hakimiyyətin dirənişinə qarşılıq olaraq ölkə valyutasının dəyərdən salınmasıdır. Məhz bu səbəbdən də ölkədə iqtisadi böhran bir çox investorların ölkəyə yatırım etmək inamını ciddi şəkildə sarsıdıb.
Belə bir halda əslində müxalifət xalqı aksiyalara dəvət etmək yerinə, dövlətə dəstək kimi bir təşəbbüs də irəli sürə bilər. Lakin sual bundan ibarətdir ki, daxildəki proseslər Türkiyə üçün hansı nəticələrə gətirəcək? Eləcə də lirə böhranının uzun sürəcəyi təqdirdə erkən seçkilərin baş tutması nə dərəcədə realdır?
Yerli KİV-in məlumatına görə proseslərlə bağlı Türkiyəli siyasi ekspert Engin Özər açıqlama verib.
“Bilirsiniz bütün bu olaylar Türkiyədə Mərkəzi Bankın rəhbərliyinin dəyişdirlməsi hadisəsindən sonra başladı. O zamana qədər Türkiyədə qiymətlər və valyuta satınalmaları mərkəzin qərarı ilə icra olunurdu və bu barədə dövlətin heç bir əmrini icra etmirdi.
Lakin prezident Ərdoğan bu sistemi ləğv etdikdən sonra və üstəlik faizlərin aşağı salınması əmrini verdiyi üçün ölkədə milli valyutanın dəyəri düşməyə başladı.
Bundan əlavə deyə bilərəm ki, Türkiyədə 2016-cı ildən bəri xarici investisiya dayandırılıb və 2017-ci ildən başlayaraq lirənin dəyərində şiddətli düşüş müşahidə olunur. Ölkədə yatırım təkcə SOCAR tərəfindən həyata keçirilir və Almaniya, eləcə də Fransa kimi ölkələrin sərmayəçiləri demək olar mövcud deyil.
Bəli, ölkədə iqtisadi geriləmənin bir qədər pandemiya ilə əlaqəli olmasına baxmayaraq, bunun 80/100-i prezidentin qərarlarına bağlıdır. Ölkə başçısı son zamanlar Qərbdən ayrılaraq Avrasiyaya yönəlmə siyasətini tutduğu üçün bütün bunlar meydana gəlib”.
Ölkədəki iqtisadi durumla bağlı digər türkiyəli siyasi analitik Göktuğ Çalışqan da fikir bildirib. O, prosesləri faizin aşağı salınması ilə ölkədə lirəyə olan inanmsızlıqla əlaqələndirib.
“Prezidentin qərarı ilə faizlər endirildikdən sonra ölkədə bir qrup sərmayəçilər daha çox avro və dollara mey etməyə başladı. Bu səbəbdən də lirəyə olan tələb xeyli düşdü.
Bu gün artıq dollar 12 lirə civarındadır və hələ də düşmə şansı görünür. Lakin qarşıda nələrin baş verəcəyini zaman göstərəcək”.
Engin Özər həmçinin lirənin düşməsinin davam etdiyi təqdirdə proseslərin hansı sonluqla nəticələnə biləcəyini də şərh edib.
“Birmənalı olaraq deyə bilərəm ki, bunun nəticəsi növbədənkənar seçkilərdir. Türkiyədə iqtidarda olan AKP və MHP nə qədər yaxın müttəfiq olsalar da, artıq son günlərdə MHP-nin AKP-dən ayrılmaq istəməsi kimi bəzi siqnallar yayılmaqdadır.
Hesab edirəm ki, xalqın narahatlığı qarşısında Dövlət Baxçalının iqtidarın yanında yer alması mümkün olmayacaq və bu səbəblə də Türkiyə 2022-ci ildə növbədənkənar seçkilər çağırmalı olacaq”.