DÜNYA ELMİNİN TANINMIŞ SİMALARI BAKIYA TOPLANIR -
UNEC İqtisadi Forumunda nələr müzakirə olunacaq?
Xəbər verdiyimiz kimi, 1-3 dekabr tarixlərində Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) təşkilatçılığı, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və digər təşkilatlarla birgə UNEC İqtisadi Forumu Bakı 2021 (UNEC Economy Forum Baku 2021) təşkil olunacaq.
Əhatə dairəsini, dünya miqyasında tanınmış xeyli sayda elm adamının, tədqiqatçı alimin iştirakını, ölkənin bir sıra nazirliklərini, həmçinin özəl və dövlət təşkilatlarının rəhbərlərinin, yerli və beynəlxalq sənaye ekspertlərinin ən yüksək səviyyədə təmsil olunmasını, eləcə də iştirakşıların sayını nəzərə alsaq, Forumun Azərbaycanın elm tarixində ən əhəmiyyətli hadisələrdən biri olacağını söyləyə bilərik.
Tədbirə qatılanların arasında yalnız Nobel mükafatı laureatları Prof. Dr. Aziz Sancar və Prof.Dr. Muhammad Yunusun adlarının olması kifayət edir ki, UNEC İqtisadi Forumunun beynəlxalq elm ictimaiyyətinin diqqət mərkəzində olan əsas hadisələrdən birini çevirsin.
Qeyd edək ki, Forum rəqəmsal iqtisadiyyatın asanlaşdırılması kimi post-pandemiya dövrü üçün müəyyən olunan mərhələləri, eləcə də Azərbaycanın sosial-iqtisadi transformasiyaları əhatə edən müstəqillik yolunu əks etdirəcək.
Bundan əlavə, Forum, aparıcı dövlət və özəl təşkilatları, eyni zamanda təcrübəli sənaye mütəxəssislərini bir araya gətirəcək. Bununla da, iştirakçılara ən son iqtisadi və sosial inkişaf, çağırışlar və imkanları müzakirə üçün platformanı təmin etmiş olacaq. Forum çərçivəsində rəsm sərgisi, şəhər gəzintisi, elm adamları ilə görüşlər və s. kimi müxtəlif tədbirlər nəzərdə tutulmuşdur.
Forumun əsas şüarı “Zəfər Yolu” olaraq müəyyənləşdirilib. Forumda aşağıdakı mövzular çərçivəsində müzakirələr aparılacaq:
- Dəyişən qlobal iqtisadi sistemdə necə üstün mövqe tutmalı;
-Qlobal iqtisadi artım üçün əsas problemlər;
- Yüksək texnologiyalı istehsal ekosistemi;
- İqtisadiyyatın rəqəmsal transformasiyası;
- Yaşıl iqtisadiyyat və davamlı inkişaf;
- Sosial təminat;
- Biznes;
- Post-pandemiya dövrünün iqtisadi çətinlikləri;
- Pandemiya sonrası biznesin transformasiyası;
- Azərbaycan iqtisadiyyatının keçmişinə və gələcəyinə baxış;
Forum çərçivəsində 3 gün ərzində 5 panel üzrə müzakirələr gedəcək. Panel müzakirələri “Gülüstan” sarayında keçiriləcəkdir.