Paşinyandan maraqlı etiraf:
"Hadrut kəndlərinin itirilməsi dövlət sirridir"
Hadrut rayonunun Çaylaqqala və Köhnə Tağlar kəndlərinin itirilməsi ilə bağlı bir çox hallar dövlət sirridir və bu gün hər hansı açıqlamadan çəkinmək lazımdır.
Bunu respublikanın baş naziri Nikol Paşinyan dekabrın 8-də Ermənistan Milli Assambleyasının iclasında hökumət saatında deputatların suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu iki kəndin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi, eləcə də erməni hərbçilərin düşmən tərəfindən əsir götürülməsi ilə bağlı Ermənistanda cinayət işi başlanıb. Buna baxmayaraq, baş nazirin qeyd etdiyi kimi, bu cinayət işində iştirak edən əsas şəxslərdən biri heç vaxt həbs olunmayıb.
“Ancaq suallar var. Bütövlükdə demək lazımdır ki, müxalifət müəyyən ideya və maraqlara malik olaraq təkliflər irəli sürür ki, onların cavabı müxtəlif spekulyasiyalara səbəb ola bilər. Bir çox detallar dövlət sirlərini ehtiva edir”, - Paşinyan vurğulayıb.
Eyni zamanda, o, hakimiyyətin əvvəlcə adıçəkilən kəndləri təslim etmək qərarına gəldiyinə dair ittihamları rədd edib.
“Əgər hər şey məhz belə olsaydı, o zaman erməni hərbçiləri orada olmazdı”, - deyə siyasətçi bildirib./moderator